“Azərbaycan həqiqətlərinin dünya dillərində təbliği xüsusi əhəmiyyət kəsb edir” - Çingiz Abdullayev

30 Oktyabr 2025 12:28 (UTC+04:00)

“Hamımız bilirik ki, nə qədər çox əsərlərimiz və məlumatlarımız xarici dillərdə təqdim olunsa, bir o qədər yaxşıdır. Çünki məqsədimiz Azərbaycanın həqiqətlərini, tarixini, Qarabağda baş verənləri bütün dünyaya çatdırmaqdır". SİA xəbər verir ki, bu fikirləri “My Trip to Karabakh” kitabının təqdimat mərasimində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Baş katibi və BAMF-ın Himayəçilik Şurasının sədri Çingiz Abdullayev səsləndirib.

Ç. Abdullayev bildirib ki, Azərbaycanın faciələri və tarixi reallıqları uzun illər beynəlxalq mediada lazımi səviyyədə işıqlandırılmayıb: “Mən yaxşı xatırlayıram, Xocalı faciəsindən sonra biz nə qədər məlumatlar göndərirdik, məktublar yollayırdıq, amma çox az hallarda dərc olunurdu. Sonradan Heydər Əliyevin təşəbbüsü ilə tarixi mövzuların xarici dillərdə təqdimatına ciddi diqqət ayrıldı və nəticədə artıq dünyanın müxtəlif yerlərində Xocalı haqqında məlumatlanan insanlar artdı".

Yazıçı qeyd edib ki, hazırda Prezident Administrasiyası ilə birlikdə Azərbaycan yazarlarının əsərlərinin ingilis, rus, fransız, həmçinin Çin dilinə çevrilməsi üçün işlər aparılır: “Çin dilində tərcüməçilərimiz azdır, amma olmalıdır və daha çox olmalıdır. Çünki biz istəyirik ki, dünyada bizi həm tanısınlar, həm də həqiqətlərimizi bilsinlər".

Çingiz Abdullayev təqdimatı keçirilən ingilis dilli kitabın xüsusi önəm daşıdığını qeyd edib: “Bu kitabda Füzuli, Fərrux, Xocalı barədə yazılıb. Hiss olunur ki, müəllif bunları ürəkdən görüb və yazıb. Xarici bir insanın Qarabağ haqqında belə əsər yazması təsir gücünü daha da artırır. Çünki bəzən biz danışanda düşünürlər ki, təbii olaraq Azərbaycan mövqeyindən çıxış edirik. Amma xarici müəllif yazanda bu, daha çox inandırır".

Yazıçı əlavə edib ki, kitab Azərbaycan Yazıçılar Birliyinin saytında yerləşdiriləcək və təbliğ olunacaq: “Biz istəyirik ki, belə kitablar çoxalsın. Artıq Alman və Fransız dillərində yeni nəşrlər üzərində də iş gedir. Həqiqətlərimizi yazmaq, yaymaq və dünyaya çatdırmaq bizim borcumuzdur".