Oktyabrın son gününün hava proqnozu açıqlanıb

30 Oktyabr 2025 12:22 (UTC+04:00)

Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 18-22, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.