İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) milli brendlərin, françayzinqlərin inkişafını daim diqqətdə saxlayır. Bu yaxınlarda yerli brendimizin inkişafı ilə bağlı Azərbaycan Françayzinq Mərkəzi ilə birlikdə yeni layihəmiz başlayır. SİA xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.
AZPROMO-nun fəaliyyət istiqamətləri barədə danışan T.Hacılı bildirib ki, qurum Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarşıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil etmək, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq, yerli şirkətlərlə əlaqələndirmək, həmçinin Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən, investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” prinsipi əsasında xidmət göstərməklə dəstək verir: “Biz milli brendlərimizin də ixracının dəstəklənməsinə hazırıq. Bu istiqamətdə özəl sektorun inkişafı aktiv olmalıdır”.
Azərbaycan Françayzinq Assosiasiyası İdarə Heyətinin sədri Camid Mövsümov bildirib ki, Azərbaycanda françayzinq üçün güzəştli kredit modelinin tətbiq olunması nəzərdə tutulur: “Bu, İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznes İnkişaf Fondu ilə əldə olunmuş razılaşmaya əsasən, 2026-cı ildən françayzinqin təşviqi üçün tətbiq ediləcək, Azərbaycanda françayzinq fəaliyyətinin genişlənməsinə, sahibkarlığın inkişafına və yeni layihələrin reallaşmasına böyük töhfə verəcək”.