Zəngilan şəhərində müasir tələblərə uyğun yaşayış kompleksi tikilir

30 Oktyabr 2025 11:31 (UTC+04:00)

İllərlə həsrət qaldığımız Zəngilan torpaqlarında həyat yenidən canlanır. Şəhərin hər yerində dirçəlişin, quruculuğun nəfəsi duyulur. Burada inşa olunan 104 mənzilli yeni yaşayış kompleksi azad edilmiş ərazilərdə qurulan yeni həyatın bariz nümunələrindəndir. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayevanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır. Burada 104 mənzil inşa olunub. Kompleksdə 8 ikimərtəbəli və 4 üçmərtəbəli bina ucaldılır. Binaların tikintisində müasir memarlıq üslubu, zövqlü dizayn və enerjiyə qənaət prinsipləri əsas götürülüb. Artıq daxili bəzək işləri yekunlaşıb. Yeni salınan məhəllədə uşaqlar üçün oyun və idman meydançaları, yeraltı və yerüstü avtomobil dayanacaqları, həmçinin elektromobillər üçün enerjidoldurma məntəqəsi quraşdırılıb. Ərazidə yeraltı su rezervuarları və transformator kimi mühəndis qurğuları da mövcuddur.

Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında yerləşir. Bu isə gələcək sakinlər üçün rahat və dolğun yaşayış mühitinin yaradılmasına xidmət edir. Zəngilanın bu yeni siması bir vaxtlar dağıntılar içində qalan torpaqlarda qurulan müasir məhəllə, həm də Böyük Qayıdışın təntənəsidir.

Xatırladaq ki, oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülən işlərlə tanış olub. Dövlət başçısının bu səfəri azad torpaqlarda həyatın yenidən bərqərar olmasının, Zəngilanın gələcək parlaq inkişafının daha bir göstəricisidir.