30 oktyabr – 1 noyabr tarixlərində Bakı səhiyyə sektorunun əsas görüş nöqtəsinə çevriləcək. Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025” yenidən səhiyyə peşəkarlarını, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribütorları və investorları bir araya gətirir. SİA xəbər verir ki, dövlətin səhiyyə sisteminin modernləşdirilməsinə yönəlmiş islahatları, bu sahənin son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi fonunda keçirilən “Medinex” sərgisi innovasiyaların, bilik mübadiləsinin və yeni əməkdaşlıqların təşviqinə xidmət edən vacib platformadır.
“Medinex” sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dəstəklənir. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB sərgidə öz stendləri ilə iştirak edirlər.
Hazırda Azərbaycan ilə yanaşı, Belarus, Cənubi Koreya, Çin, Misir, Oman, Özbəkistan, Polşa, Qazaxıstan, İtaliya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan 80-ə yaxın şirkət sərgidə iştirakını təsdiq etmişdir. Bu il “Medinex” sərgisinə xarici iştirakçıların marağı daha da artmışdır. İtaliya, Misir, Oman və Ukrayna “Medinex” sərgisində milli pavilyonlarla təmsil olunurlar. Bu, Azərbaycanda səhiyyə sahəsinə artan beynəlxalq marağın göstəricisidir və müxtəlif ölkələrin bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirir.
Sərgiyə bir sıra ölkələrdən yüksək səviyyəli qonaqların da qatılması gözlənilir. Ukraynanın səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “Medinex” sərgisini ziyarət edəcək. Eyni zamanda, sərginin ikinci günü – 31 oktyabr tarixində Ukraynanın səhiyyə naziri Viktor Lyaşko, səhiyyə nazirinin müavini Edem Adamanov, Ukrayna Parlamentinin üzvü və Ukraynanın əczacılıq sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələrinin iştirakı ilə “İkitərəfli Əczaçılıq Müzakirəsi: Dialoqdan Əməkdaşlığa – Ukrayna və Azərbaycanın Əczaçılıq İmkanları” adlı sessiya keçiriləcək. Sessiya çərçivəsində iki ölkə arasında əczaçılıq sahəsində əməkdaşlıq imkanları, investisiya perspektivləri və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
“Medinex” səhiyyə və tibb sahəsinin əsas sektorlarını əhatə edir. Sərginin əhatə etdiyi bölmələr tibbi avadanlıq və cihazlar, tibbi xidmətlərdə informasiya texnologiyaları, tibbi ləvazimatlar və istehlak materialları, əczaçılıq, vitaminlər və bioloji aktiv əlavələr, ortopedik cihazlar və avadanlıqlar, protez texnologiyaları və dəstəkçi cihazlar, stomatoloji avadanlıqlar, alətlər və xidmətlər, optik və oftalmoloji avadanlıqlar, uşaq tibbi avadanlıqları və ixtisaslaşmış xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik istehsal avadanlıqları və hazır həllər, tibb müəssisələri və apteklər üçün mebel, tibbi təhsil və hazırlıq, sağlam həyat tərzi üçün həllər, tibbi nəqliyyat və təcili yardım xidmətləri və s. ibarətdir.