ABŞ Prezidenti Cənubi Koreya ilə 350 milyard dollarlıq ticarət sazişi imzalayıb

30 Oktyabr 2025 04:42 (UTC+04:00)

ABŞ və Cənubi Koreya, ABŞ Prezidenti Donald Trampın bu Asiya ölkəsinə səfəri zamanı 350 milyard ABŞ dolları dəyərində ticarət sazişinin bağlandığını elan ediblər. SİA xəbər verir ki, sazişin ilkin təfərrüatları yaxın günlərdə tam şəkildə açıqlanacaq.

Cənubi Koreya Prezident Administrasiyasının Dövlət Siyasəti İdarəsinin rəhbəri Kim Yon Bom bildirib ki, Amerika iqtisadiyyatına qoyulacaq 350 milyard dollarlıq investisiya iki hissədən ibarət olacaq — 200 milyard dollar nağd vəsait, həmçinin 150 milyard dollar gəmiqayırma sahəsində əməkdaşlıq formasında həyata keçiriləcək.

Razılaşmaya əsasən, ABŞ avtomobillərə tətbiq edilən idxal tariflərini 25 faizdən 15 faizə endirəcək. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya lideri Li Çje Men ilə danışıqlar zamanı ticarət sazişinə nail olacaqlarına inandığını bildirmişdi.

Kim Yon Bomun sözlərinə görə, sazişin əsas məqsədi koreyalı şirkətlər üçün biznes mühitini yaxşılaşdırmaq və iki ölkə arasında iqtisadi əlaqələri dərinləşdirməkdir.