Braziliyanın Rio-de-Janeyro şəhərində iki favelanın arasındakı meşəlik ərazidə 68 nəfərin cəsədi aşkar edilib. SİA xarici mediaya istinadla xəbər verir ki, qurbanların çoxunda işgəncə izləri aşkarlanıb, bəziləri isə başlarının arxasından güllələnərək edam edilib. Cəsədlər, polisin cinayətkar dəstələrə qarşı keçirdiyi əməliyyat nəticəsində 64 nəfərin öldürülməsindən bir gün sonra tapılıb.
Yerli sakinlər zorakılığın miqyasına diqqət çəkmək üçün cəsədləri San-Lukas meydanına gətiriblər. İnsan hüquqları fəalları bildiriblər ki, qurbanların bir çoxunun başı kəsilib və ya güllə yaraları olub.
İnsan hüquqları müdafiəçisi Flaviya Frois bu hadisəni Rio-de-Janeyro tarixində “ən böyük qırğın” və “ştatla mütəşəkkil cinayətkarlıq arasında uzunsürən müharibə” kimi xarakterizə edib. O, bu işlə bağlı Amerikalararası İnsan Haqları Komissiyasına müraciət edərək beynəlxalq araşdırma aparılmasını tələb edib.
Ştat qubernatoru Klaudio Kastro federal hökuməti hərəkətsizlikdə günahlandırıb və “təkbaşına müharibə apardığını” bəyan edib. Bunun əksinə, Ədliyyə naziri Rikardo Levandovski qubernatorun təhlükəsizlik üzərində nəzarəti itirdiyini və bu məsuliyyətin federal hakimiyyət orqanlarına təhvil verilməsinin zəruri olduğunu bildirib.
Qeyd edək ki, çərşənbə axşamı şəhər tarixində mütəşəkkil cinayətkarlığa qarşı ən böyük polis əməliyyatı zamanı, o cümlədən dörd polis əməkdaşı da daxil olmaqla, ən azı 64 nəfər həlak olub.