"Son illər Avropanın ən mötəbər tədbirlərindən biri olan Avropa Siyasi Birliyi Sammitinin 2026-cı ildə Ermənistanda keçirilməsinə səs verən dövlətlərdən biri də məhz Azərbaycan Respublikası olub". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, bu qərarın qəbulunda Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev də iştirak edib: "Bildiyiniz kimi, bu tədbirin növbəti sammiti Bakıda, Azərbaycanda keçiriləcək. Bu razılaşmada Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edib və qərarın qəbuluna razılıq verib.
Növbəti il Avropa Siyasi Birliyinin forumu keçirilənə qədər mən hesab edirəm ki, Ermənistanda parlament seçkiləri baş tutacaq və Azərbaycanın haqlı tələbləri əsasında baş verməsi gözlənilən Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcəkdir. Bununla da Ermənistan ilə Azərbaycan, eləcə də Ermənistan ilə Türkiyə arasında sülh istiqamətində əhəmiyyətli addımlar atılacaq. Azərbaycan Prezidentinin Ermənistanda keçiriləcək foruma qatılması şübhəsiz ki, münasibətlərdə yeni bir mərhələ kimi qiymətləndirilə bilər. Amma qeyd etdiyim kimi, əgər Ermənistanda əsaslı bir dəyişiklik baş verməzsə və həmin vaxta qədər referendum keçiriləməzsə, Azərbaycan dövlət başçısı səviyyəsində iştirak etməsə belə, hesab edirəm ki, Azərbaycan dövləti İrəvanda keçiriləcək sammitdə iştirak edəcək. Çünki münasibətlərin inkişafı 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmanın ruhuna uyğundur və bu razılaşmanın irəli aparılmasında növbəti həlledici mərhələ kimi tarixdə öz yerini tutacaq".