Azərbaycanın bu il oktyabrın 1-nə xarici dövlət borcu 4 milyard 893,1 milyon dollar və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil edib. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu il 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 236,6 milyon dollar məbləğində azalıb.
Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 48,9 faizini, sabit faiz dərəcəsi ilə olanlar 51,1 faizini təşkil edib. Xarici dövlət borcunun 50,7 faizi 5 ilə qədər olan müddətdə, 43,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
1 oktyabr tarixinə xarici dövlət borcunun valyua tərkibi aşağıdakı kimi olub: dollar – 85,3 faiz, avro – 6,3 faiz, Beynəlxalq Valyutalar Fondunun Xüsusi Borcalma Hüquqları – 3,4 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.
Hesabat dövrünə dövlət büdcəsinin borca xidmət xərcləri hesabına xarici borclar üzrə 435,8 milyon dollar məbləğində əsas borc, 191,8 milyon dollar məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.
2025-ci il 1 oktyabr tarixinə daxili dövlət borcu 17,046,8 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib. Daxili dövlət borcu 2025-ci ilin 1 yanvar tarixi ilə müqayisədə 1,612,9 milyon manat azalıb. Hesabat tarixinə daxili dövlət borcunun 7,987 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9,059,8 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.