“HALAL” sertifikatlaşdırma xidmətlərinə maraq artır - AQTİ

29 Oktyabr 2025 16:27 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “HALAL” sertifikatlaşdırma prosesi uğurla davam edir. Artıq bir çox iri müəssisə AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərindən faydalanır. “Siyəzən Broyler” ASC, “Səhliyalı” MMC, “Chicken Pro” MMC, “Harun N” MMC, “Hicaz 313” MMC kimi müəssisələr bu sertifikatın qazandırdığı üstünlüklərdən faydalanmaqla istehlakçılara daha etibarlı, keyfiyyətli və islami dəyərlərə uyğun məhsullar təqdim edir. Hazırda iki yeni müəssisənin müraciəti qəbul edilib və qiymətləndirilir. Bu isə xidmətin aktuallığını və əhəmiyyətini bir daha nümayiş etdirir. Bu barədə SİA-ya AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, AQTİ-nin təqdim etdiyi “HALAL” sertifikatı və nişanı yalnız vizual simvol deyil, həm də etibarlılıq, şəffaflıq və məsuliyyət göstəricisidir. “HALAL” nişanı məhsulun istehsal prosesində xammalın seçilməsindən başlayaraq qablaşdırma mərhələsinədək bütün addımların islami qaydalara və beynəlxalq standartların tələblərinə uyğun həyata keçirildiyini təsdiqləyir. Bu nişan “HALAL” uyğunluq sertifikatı ilə birlikdə təqdim olunur və onun etibarlılığı sertifikatın qüvvədə olduğu müddət ərzində saxlanılır.

İnstitut Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya edilərək “HALAL” uyğunluq sertifikatını və nişanını təqdim etmək səlahiyyətinə malikdir. Akkreditasiya prosesi SMIIC – İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartı əsasında həyata keçirilib. Beləliklə, AQTİ-nin həyata keçirdiyi “HALAL” sertifikatlaşdırma beynəlxalq səviyyədə tanınır və etibarlı sertifikatlaşdırma xidməti olaraq fəaliyyət göstərməkdədir.