"Ermənistanın sülh prosesinə tam şəkildə qoşulmamasının başlıca səbəbi ölkə daxilindəki siyasi parçalanma və revanşist dairələrin təsiridir. Paşinyan hökuməti sülhün vacibliyini anlayır, lakin cəmiyyətin və xüsusilə ordunun bəzi qüvvələri hələ də köhnə düşüncə tərzindən qurtula bilməyib". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, onlar hələ də “Qarabağ məsələsi” üzərindən siyasi mövqe qazanmağa çalışır və bu da sülh gündəmini daim ləngidir: "Digər tərəfdən, Ermənistanda Rusiya ilə Qərb arasında gedən geosiyasi tərəddüd də sülh prosesinə mənfi təsir göstərir. Paşinyan Qərbə inteqrasiyanı prioritet elan etsə də, Rusiya hələ də bu ölkənin iqtisadi və təhlükəsizlik strukturlarında ciddi təsir gücünə malikdir. Bu balanssızlıq İrəvanın qərarlı addımlar atmasına mane olur. Eyni zamanda, Ermənistan cəmiyyəti uzun illər boyunca anti-Azərbaycan təbliğatının təsiri altında formalaşdığı üçün ictimai rəy də sülhün sürətlə irəliləməsinə hazır deyil. Bu, siyasi elitanın sülh addımlarını cəmiyyətə izah etməsini çətinləşdirir.
Azərbaycan tərəfi isə bölgədə sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiyaya yönəlmiş aydın bir strategiya təqdim edib. Bakı sülh müqaviləsini imzalamağa, sərhədlərin delimitasiyasına və kommunikasiyaların açılmasına hazır olduğunu dəfələrlə bəyan edib. Beləliklə, bu gün sülhə mane olan əsas faktor Ermənistan daxilindəki siyasi iradə çatışmazlığı, xarici təsirlərin balanssızlığı və ictimai düşüncənin hələ də keçmiş münaqişə psixologiyasından tam qurtulmamasıdır. Sülh üçün Ermənistanın bu reallıqları qəbul edib, regionda yaranmış yeni geosiyasi düzəni dərk etməsi zəruridir".