Ceyhun Bayramov Oman Dövlət Şurasının sədri ilə iqtisadi əməkdaşlığı müzakirə edib

29 Oktyabr 2025 15:30 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfəri çərçivəsində bu ölkənin Dövlət Şurasının sədri Şeyx Əbdülməlik əl-Xəlili ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan–Oman münasibətlərinin davamlı inkişafı vurğulanıb, iqtisadiyyat, ticarət, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Tərəflər regionda logistika və tranzit əlaqələrinin möhkəmləndirilməsi baxımından nəqliyyat və əlaqəlilik təşəbbüslərinin əhəmiyyətini qeyd edib, siyasi məsləhətləşmələrin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıblar.

C.Bayramov qeyd edib ki, Azərbaycanın İƏT Zirvəsinə sədrliyi və 2026-cı ildə 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi dialoqun, birliyin və dayanıqlı inkişafın təşviqi istiqamətində tərəfdaşlıq üçün yeni imkanlar açacaq.