"Türk dünyasında yeni siyasi mərhələ başlayır" - ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:36 (UTC+04:00)

"Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Cümhuriyyəti Türk dünyasına yol göstərən bir Cümhuriyyət oldu. Daha sonra Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti müasir Türk dövlətləri üçün örnək modelə çevrildi". Bunu SİA-ya açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib.

Onun sözlərinə görə, Rəsulzadə ilə başlanan, Atatürklə davam edən bu Cümhuriyyət yolu 1991-ci ildə Sovetlər İttifaqının süqutu ilə yeni mərhələyə qədəm qoydu: "Beləliklə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan müstəqil dövlətlər kimi Türk Dövlətləri Təşkilatını yaratdılar. Bu çərçivədə Türkiyə ilə Azərbaycan arasında formalaşan qardaşlıq münasibətləri bütün Türk dövlətləri üçün nümunəyə çevrildi.

Xəzərin qərbində, Cənubi Qafqazın strateji mərkəzində yerləşən Azərbaycan Rusiya və İranın Ermənistandan istifadə etməklə yaratdığı təzyiqlərlə üzləşsə də, Türkiyə ilə birlikdə bu çətinlikləri aşmağı bacardı. Əvvəlcə işğal altında olan yeddi rayon azad edildi, ardından Dağlıq Qarabağ problemi həll olundu. İndi isə Türkiyə–Ermənistan–Azərbaycan arasında imzalanması gözlənilən üçtərəfli sülh sazişi ilə regionda yeni siyasi mühit formalaşacaq və Azərbaycan Türk dövlətləri arasında mühüm körpü rolunu daha da gücləndirəcək. Türkiyə–Azərbaycan münasibətləri digər Türk dövlətləri üçün də nümunə xarakteri daşıyır. Bu münasibətlərin inkişafı nəticəsində BMT, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlarla yanaşı, Türk Dövlətləri Təşkilatının da yüksələn güc kimi beynəlxalq arenada mövqeyi möhkəmlənir.

XX əsrdə Türklərə qarşı tətbiq olunan məhvetmə strategiyasına baxmayaraq, Məhəmməd Əmin Rəsulzadənin yaratdığı Azərbaycan Xalq Cümhuriyyəti Türk dünyasında azadlıq ideyasının rəmzinə çevrildi. Cənubi Qafqaz Türk dünyası üçün əsas açar bölgələrdən biri olduğundan, bu Cümhuriyyət cəmi iki ilə yaxın mövcud olsa da, onun yandırdığı azadlıq məşəli sönmədi. Osmanlı imperiyasının süqutundan sonra Mustafa Kamal Atatürk tərəfindən qurulan Türkiyə Cümhuriyyəti bütün Türk dünyası üçün əsas dayağa çevrildi. Rəsulzadənin Cümhuriyyəti və İranda hakimiyyətdə olan Qacar dövləti süqut etdikdən sonra Türk dünyasının yeganə müstəqil dövləti olaraq Türkiyə Cümhuriyyəti mübarizəsini davam etdirdi.

1991-ci ildən sonra müstəqillik qazanan Türk dövlətləri ilə birlikdə bu yol yeni tarixi mərhələyə qədəm qoydu. Türk Dövlətləri Təşkilatı isə bu prosesin siyasi, iqtisadi və mədəni əsas platforması kimi mühüm rol oynamağa başladı".