BDU və Beynəlxalq Türk Akademiyası arasında anlaşma memorandumu imzalanıb

29 Oktyabr 2025 12:44 (UTC+04:00)

Bakı Dövlət Universiteti (BDU) ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq münasibətlərinin yeni mərhələsini müəyyən edən anlaşma memorandumu imzalanıb. BDU-dan SİA-ya bildirilib ki, memorandumun əsas məqsədi elm, təhsil, mədəniyyət və gənclik sahələrində qarşılıqlı əməkdaşlığı genişləndirmək, Türk dünyasında ortaq elmi məkanın və inteqrasiyanın inkişafına töhfə verməkdir. Sənədə əsasən tərəflər türk xalqlarının tarixi, dili, mədəniyyəti və irsinin öyrənilməsi və təbliği istiqamətində birgə elmi-tədqiqat layihələri həyata keçirəcək, ortaq konfranslar, seminarlar və simpoziumlar təşkil edəcək, Türk dünyasının müasir çağırışlarına cavab verən elmi nəşrlər və analitik hesabatlar hazırlayacaq, süni intellekt, iqlim dəyişmələri, enerji təhlükəsizliyi, biomateriallar və digər strateji elm sahələrində əməkdaşlığı dərinləşdirəcəklər. Bununla yanaşı, tələbə və gənc tədqiqatçıların elmi təşəbbüslərinə və yaradıcılıq fəaliyyətlərinə dəstək göstərilməsi nəzərdə tutulur.

Sənəd Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimində BDU-nun rektoru Elçin Babayev və Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev tərəfindən imzalanıb.