“Məqsədimiz Türk mədəni irsini qoruyub saxlamaq və dünyaya təqdim etməkdir" - Aktoty Raimkulova

29 Oktyabr 2025 12:29 (UTC+04:00)

“Cənab İlham Əliyevin uzaqgörən rəhbərliyi sayəsində Azərbaycan Respublikasının inkişaf yolu mümkün olmuşdur. Onun siyasəti müasir Azərbaycan dövlətinin möhkəm təməlini qoymuşdur. Bu gün Prezident İlham Əliyev həmin yolu qanunilik prinsipləri əsasında davam etdirir. Keçirilən islahatlar Azərbaycanı ədalətə, hüquqa və vətəndaşların hüquqlarının qorunmasına əsaslanan güclü və müasir bir dövlətə çevirmişdir". SİA xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondu (TCHF) prezidenti Aktoty Raimkulova konfransda deyib.

O bildirib ki, bu möhkəm təməl sayəsində Azərbaycan beynəlxalq arenada nüfuzlu və etibarlı bir dövlət kimi tanınır: “Prezident İlham Əliyevin rəhbərliyi altında 2025-ci ilin Konstitusiya və Suverenlik ili kimi qeyd olunması ölkəmiz üçün həm tarixi, həm də mənəvi əhəmiyyət daşıyır. Bu il həmçinin Konstitusiyanın 30-cu ildönümünə və 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümünə təsadüf edir. Bu şanlı Zəfərin nəticəsi olaraq Konstitusiya prinsipləri bütün Azərbaycan ərazisində hörmətlə qəbul edilir və tətbiq olunur”.

Aktoty Raimkulova əlavə edib ki, Türk mədəniyyəti və irsi fondu 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və digər Türk dövlətlərinin dəstəyi ilə yaradılmışdır: “Məqsədimiz zəngin və dərin Türk mədəni irsini qoruyub saxlamaq və dünyaya təqdim etməkdir. Beynəlxalq təşkilatlar kimi biz də dövlətçilik prinsiplərinin hüquqi dəyərlərini qorumağa, gənclər arasında milli şüurun gücləndirilməsinə xüsusi diqqət yetiririk”.

O, çıxışının sonunda Azərbaycan xalqını Konstitusiyanın 30 illiyi münasibətilə təbrik edib və Milli Məclisə, xüsusilə sədr Sahibə Qafarovaya, yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib.