“Bu gün bir-biri ilə sıx bağlı olan bir dünyada əməkdaşlıq, qarşılıqlı hörmət və etimadın möhkəmləndirilməsi xüsusilə böyük əhəmiyyət kəsb edir. Parlament üzvləri olaraq biz qanunverici dialoqu, institusional tərəfdaşlıqları və parlamentlərarası birbaşa təmasları yüksək qiymətləndiririk". SİA xəbər verir ki, bunu Malayziya Senatının üzvü Mohd Hatta Bin Ramli deyib.
O, parlament diplomatiyasının sülhün, ədalətin və dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynadığını vurğulayıb: “Bu konfrans yalnız Konstitusiyanın ildönümünü qeyd etmək deyil, həm də qanunverici orqanlar arasında səmərəli fikir mübadiləsi və əməkdaşlıq üçün unikal platformadır”.
Mohd Hatta Bin Ramli qeyd edib ki, Azərbaycan və Malayziya parlamentləri arasında dialoq və əməkdaşlıq daha da gücləndirilməlidir: “Bu cür dialoqlar sayəsində parlamentlərarası əməkdaşlıq möhkəmlənir, qarşılıqlı anlaşma artır və daha ədalətli, inkluziv və harmonik beynəlxalq sistemin formalaşmasına töhfə veririk”.
O həmçinin Konstitusiya prinsiplərindən ilham alınaraq əməkdaşlıq və bəşəriyyətə xidmət etməyin vacibliyini vurğulayıb: “Gəlin birlikdə çalışaq, dözümlülüyü, ədaləti və ortaq rifahı gücləndirək. İnsanlar yalnız əməkdaşlıq edərək güc və uğur əldə edə bilərlər”.
Mohd Hatta Bin Ramli çıxışını Azərbaycan xalqına səmimi təbriklərini çatdırmaqla yekunlaşdırıb.