Regionlarda aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilib

29 Oktyabr 2025 12:06 (UTC+04:00)

"Konstitusiya və Suverenlik İli", habelə "Uşaq Hüquqları Aylığı" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə əməkdaşlığı əsasında aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə regionlarda sosial-hüquqi aksiyalar təşkil edilib. Bu barədə SİA-ya VK-dan məlumat verilib. Bildirilib ki, Qax rayonu Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Əli Məsimlinin, Ağdaş rayonu Heydər Əliyev Mərkəzində deputat Sahib Alıyevin, Şabran rayonu Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında isə deputat Mahir Süleymanlının təşəbbüsü və VK-nın dəstəyi ilə növbəti hüquqi maarifləndirmə aksiyaları keçirilib. Aksiyalarda Zaqatala rayon Vəkil Bürosunun, Ağdaş rayon Vəkil Bürosunun və Şabran rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillərin iştirakı ilə 40-a yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib. Vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, vətəndaşların müraciətləri dinlənilib, hər bir məsələyə fərdi yanaşılaraq aidiyyəti üzrə istiqamətləndirilib.

Müraciətlərin əsas hissəsi inzibati işlər, mülkiyyət hüququnun qorunması, torpaq mübahisələri, əlilliyin təyin edilməsi, aliment tələbləri və digər sosial xarakterli məsələlərlə bağlı olub.