“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar Peşə Liseyində maarifləndirici tədbir keçirilib. Bu barədə SİA-ya Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, müəllim heyəti və tələbələr iştirak edib.
Tədbirdə narkotik asılılığın qlobal miqyasda yaratdığı təhlükələr, gənclər arasında məlumatlılığın artırılmasının vacibliyi, eləcə də Dövlət Komissiyası tərəfindən bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib. Həmçinin, narkotik vasitələrin fəsadları, yeni növ psixotrop maddələrin törətdiyi təhlükələr, asılılıqla mübarizədə təhsil müəssisələrinin və ailənin rolu diqqətə çatdırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tələbələrə təqdim olunub.