Şanxayda Azərbaycan və Çin dillərinin qarşılıqlı tədrisindən danışılıb

29 Oktyabr 2025 10:59 (UTC+04:00)

Çinin Şanxay şəhərində “23-cü Çin Beynəlxalq Peşəkar Mübadilə Konfransı” keçirilib. SİA xəbər verir ki, Çin İnsan Qaynaqları və Sosial Təminat Nazirliyi, Şanxay Şəhər Xalq Hökümətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Nobel mükafatçıları daxil 110 ölkədən 2600-dən çox alim və mütəxəssis iştirak edib. Artıq 23-cü dəfə keçiriən konfrans dünya alimlərinin müzakirə apardığı qlobal bir platformaya çevrilib. Konfrans çərçivəsində universitetlər, elmlər akademiyaları, beyin mərkəzləri arasında müqavilələr imzalanıb, yeni əməkdaşlıqlar formalaşıb.

Pekin Xarici Dillər Universiteti (PXDU) 30-dan çox ölkəni təmsil edən 60 alimlə konfransda təmsil olunub. Nümayəndə heyətinin tərkibində konfransda təmsil olunan PXDU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev “Ölkəşünaslıq və regionşünaslıqda interdisiplinarlıq və innovasiya” forumunda “Azərbaycan və Çin arasında dil tədrisinin interdisiplinar praktikası: qarşılıqlı dil tədrisi və tərcümə perspektivi” mövzusunda çıxış edib.

Dillərin qarşılıqlı öyrənilməsinin mədəniyyətlərarası dialoqda mühüm rola malik olduğunu vurğulayan natiq bildirib ki, iki ölkə arasında cari ilin aprelində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da qarşılıqlı dil tədrisinin dövlət səviyyəsində dəstəklənməsi barədə xüsusi bənd yer alıb. Hazırda Azərbaycanda iki Konfutsi İnstitutu və Çin dili fakültələri fəaliyyət göstərsə də, Çində yalnız Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisas səviyyəsində tədris olunur. Dilin ixtisas səviyyəsində tədrisi regionşünaslıq, ölkəşünasliq, mədəniyyətşünaslıq kimi interdisiplinar sahələrlə sıx inteqrasiyada aparılmalıdır. Yalnız bu halda tədris prosesi məqsədyönlü və səmərəli ola bilər. Hazırda Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin ixtisas kimi tədrisi bu interdisiplinar sahələrlə əlaqəli şəkildə həyata keçirilir. Dil və tərcümə bir-birinə üzvi bağlı sahələrdir. Bu iki sahə bir-birini qarşılıqlı şəkildə tamamlayır və mədəniyyətlərarası ünsiyyətin əsasını formalaşdırır.