“Azərbaycan Konstitusiyası ölkənin suverenliyinin möhkəmləndirilməsində və keçmiş təcrübənin gələcəyə yönləndirilməsində mühüm mərhələ təşkil edib. Bu sənəd Azərbaycanın coğrafi imkanlarını dayanıqlı inkişaf üçün geniş perspektivlərə çevirən əsas hüquqi baza rolunu oynayıb”. SİA xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş Milli Məclisdə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Saqr Qobaş qeyd edib ki, son 30 ildə Azərbaycan yalnız iqtisadi gücünü artırmaqla kifayətlənməyib, həm də güclü institusional idarəetmə, milli iradə və müxtəlifliyə hörmət əsasında inkişaf modelini formalaşdırıb: “Azərbaycan təcrübəsi göstərir ki, Konstitusiya həm hüquqi sənəd, həm də milli dəyərlərin təzahürüdür. O, cəmiyyət və dövlət arasında sosial məsuliyyət və tarazlığı təmin edir”.
Saqr Qobaş həmçinin iqtisadiyyat, rəqəmsal transformasiya və yüksək texnologiyalar sahələrində həyata keçirilən birgə layihələrin hər iki ölkənin inkişaf strategiyasına uyğun olduğunu bildirib. O əlavə edib ki, həm Azərbaycan, həm də BƏƏ qanunverici qurumları Konstitusiya dəyərlərinin reallaşdırılması və dövlət idarəetməsində sabitliyin təmin olunmasında fəal əməkdaşlıq göstərirlər: “Konstitusiya inkişaf, hüququn aliliyi və cəmiyyətin rifahı üçün ən mühüm vasitədir. Dövlət institutları arasındakı etimad və əməkdaşlıq bu prosesi daha da gücləndirir”.
Çıxışının sonunda Saqr Qobaş Azərbaycan xalqını Konstitusiyanın 30 illiyi münasibətilə təbrik edib və ölkəyə sabitlik və rifah arzulayıb.