“Azərbaycan əməkdaşlıq və sülh təşəbbüslərini ardıcıl şəkildə davam etdirir” - Sahibə Qafarova

29 Oktyabr 2025 10:09 (UTC+04:00)

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra çətin siyasi, iqtisadi və təhlükəsizlik çağırışları ilə üzləşdi. Lakin dövlətçilik ənənəsinin möhkəmləndirilməsi və milli inkişaf strategiyasının formalaşdırılması sayəsində ölkə bu dövrdən uğurla çıxmağı bacarmışdır. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Sahibə Qafarovanın sözlərinə görə, 1995-ci ildə qəbul edilmiş Konstitusiya müstəqil dövlətçiliyin əsaslarını müəyyən edib, suverenliyin qorunması, qanunun aliliyinin təmin olunması və insan hüquqlarının müdafiəsi sahəsində mühüm rol oynayıb: “Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də milli tariximizin yeni mərhələsinin rəmzidir”.

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və son illərdə Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mühüm nailiyyətlər əldə edib. “2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu” – deyə o vurğulayıb.

Sahibə Qafarova bildirib ki, müharibədən dərhal sonra Azərbaycanın sülh təşəbbüsləri regional sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açıb: “Azərbaycan beş baza prinsipi və sülh sazişi layihəsini təqdim edərək prosesin irəliləməsinə töhfə verib”

Milli Məclisin sədri həmçinin parlament diplomatiyasının bu mərhələdə rolunu yüksək qiymətləndirib: “Parlamentlərarası əməkdaşlıq qarşılıqlı anlayış və etimadın möhkəmlənməsində mühüm vasitədir. Dialoq ən mürəkkəb məsələlərin həllinə imkan yaradır”.