102 il əvvəl, oktyabrın 28-də türk xalqının böyük lideri Qazi Mustafa Kamal Atatürk ölkə rəsmilərini Çankaya köşkündə axşam yeməyinə toplayaraq məşhur, “Əfəndilər, sabah cümhuriyyəti elan edəcəyik” sözlərini işlədir. SİA xəbər verir ki, təqvim cümə günü, 1923-cü il 29 oktyabr tarixini göstərdikdə parlament binasına daxil olan Atatürk bir neçə görüş keçirdikdən sonra məclis kürsüsünə çıxaraq “Suverenlik qeyd-şərtsiz millətə məxsusdur” sözləri ilə Türkiyə Cümhuriyyətini elan edir.
Binaya toplaşanlar bu ifadəni “Yaşasın Cümhuriyyət” şüarı və alqışlarla qarşılayırlar.
Bunun ardından, “Türkiyə dövlətinin idarəetmə şəkli respublikadır” başlıqlı qanun layihəsi və Qazi Mustafa Kamal Paşanın yeni Türkiyə dövlətinin ilk prezidenti seçilməsi təklifi Türkiyə Böyük Millət Məclisinə təqdim edilir və 158 parlament üzvünün səs birliyi ilə qəbul olunur.
Tarixə nəzər salsaq görərik ki, Türkiyə Cümhuriyyəti qurulduqda ölkədə vəziyyət olduqca acınacaqlı idi. Lakin ölkənin gələcəyinə inanan türk xalqı Mustafa Kamal Atatürk öndərliyində böyük inkişaf yoluna qədəm qoyur.
Yarandığı gündən ədaləti, demokratiyanı, insan hüquqlarını və bərabərliyi özünə rəhbər tutan Türkiyə dövləti təhsil, nəqliyyat, idman, infrastruktur, mədəniyyət kimi müasir dünyanın ehtiyaclarına cavab verən bütün sahələri sürətli inkişaf etdirməyə çalışır.
Qazi Mustafa Kamal Atatürkün başlatdığı bu inkişaf yolu sonralar xüsusilə bir neçə lider tərəfindən uğurla davam etdirilir.
Ölkədə böyüməni sürətləndirmək və sənayeləşməni təşviq etmək üçün iqtisadi siyasətdə dəyişikliklər edilir. Sənaye istehsalı və ixracatın əhəmiyyəti artır. Bir sıra iqtisadi islahatlar və modernləşmə təşəbbüsləri həyata keçirilir. Kənd təsərrüfatı strukturunun dəyişdirilməsi, infrastrukturun inkişafı, yeni sənaye sahələrinin yaradılması kimi məsələlər ön plana çıxır.
Bütün bunlarla yanaşı, ötən yüz ildə ölkə hərbi çevrilişlər, terror, iqtisadi böhranlar, xarici borclar, təbii fəlakətlər kimi bir çox imtahanlardan keçir. Böyük mübarizələrlə ötən bu bir əsrin tamamında, bu gün Türkiyə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib.
Yaxın keçmişə baxdığımızda, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində keçən son iyirmi üç ilin Türkiyənin ən əhəmiyyətli inkişaf mərhələlərindən biri olduğunu görürük. Ötən bu dövrdə sənaye, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə, infrastruktur, turizm və bu kimi bir çox sahələr üzrə ilklərə, nəhəng layihələrə imzalar atılıb.
Hər bir sahə üzrə inkişafını tam sürətlə davam etdirən və iri addımlarla yeni hədəflərə doğru irəliləyən qardaş ölkə Türkiyənin ən böyük prioriteti isə bölgədə və dünyada sülhün təmininə xidmət etməkdir.