Rio-de-Janeyroda polis əməliyyatı nəticəsində 60-dan çox insan həlak olub

29 Oktyabr 2025 01:17 (UTC+04:00)

Braziliyanın Rio-de-Janeyro şəhərində mütəşəkkil cinayətkarlığa qarşı şəhər tarixində ən böyük polis əməliyyatı keçirilib. Əməliyyat zamanı dördü polis olmaqla, azı 64 nəfər həlak olub. SİA xəbər verir ki, təxminən 2 500 polis əməkdaşı və 32 zirehli texnika “Comando Vermelho” (“Qırmızı komanda”) adlı bandaya qarşı Alemao və Penha favelalarında keçirilən reyddə iştirak edib. Toqquşmalar nəticəsində 81 nəfər saxlanılıb, polis təxminən 250 həbs və axtarış orderini icra edib.

Əməliyyat Braziliyada keçiriləcək COP30 iqlim sammiti ərəfəsində şəhərdə baş tutacaq beynəlxalq iqlim tədbirlərinə hazırlıq dövrünə təsadüf edib. Bu tədbirlər arasında C40 merlər sammiti və Uels şahzadəsi Uilyamın “Earthshot” mükafatının təqdimetmə mərasimi də var. Tədbirlərdə müğənni Kayli Minoq və Formula-1 çempionu Sebastyan Fettel kimi tanınmış şəxslərin iştirakı gözlənilir.

Atışmalar səbəbindən onlarla məktəb və xəstəxana fəaliyyətini dayandırıb, ictimai nəqliyyat marşrutları dəyişdirilib. “Reuters”in məlumatına görə, bu hadisə Rio tarixində ən qanlı polis əməliyyatıdır.