Sudanda Çevik dəstək qüvvələri (RSF) Əl-Fəşər şəhərini ələ keçirdikdən sonra dinc əhaliyə qarşı kütləvi qırğınlar və etnik təmizləmə qeydə alınıb. Əl-Fəşər hökumət ordusunun ölkənin qərb hissəsindəki son dayaq nöqtəsi hesab edilirdi. SİA xəbər verir ki, “Sudan Doctors Network” və “Emergency Lawyers” təşkilatları dinc sakinlərin və hərbi əsirlərin güllələnməsi, həmçinin tibb personalının oğurlanması barədə məlumat yayıb.
Nizami ordu şəhərin ələ keçirilməsi zamanı 2000 nəfərin öldürüldüyünü bildirsə də, müstəqil mənbələr qurbanların sayının daha çox ola biləcəyini iddia edir. BMT genişmiqyaslı etnik və cinsi zorakılıq riskinin yüksək olduğunu bəyan edib.
Humanitar təşkilatların məlumatına görə, Sudan dünyada ən böyük humanitar böhranı yaşayır – 25 milyondan çox insan humanitar yardıma ehtiyac duyur, 14 milyon nəfər müharibə nəticəsində qaçqın və köçkün vəziyyətinə düşüb.
Ordu ilə RSF arasında 2023-cü ilin aprelində başlayan qarşıdurma ölkənin iki hissəyə parçalanmasına gətirib çıxarıb.
Hazırda çevik dəstək qüvvələri Darfur bölgəsinin bütün beş əyalət paytaxtına nəzarət edir və Sudan dövlət olaraq tam dağılmaq ərəfəsindədir. BMT, Afrika İttifaqı və Ərəb Dövlətləri Liqası daxil olmaqla beynəlxalq təşkilatlar hərəkətsizliyə görə tənqid olunur.