“Türkiyə-Azərbaycan qardaşlığı ən yüksək səviyyədə davam edir“ - ŞƏRH OLUNDU

28 Oktyabr 2025 17:42 (UTC+04:00)

“1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti yaradıldı. Türkiyə Cümhuriyyətinin yaranması ümumiyyətlə Türk dünyasının qələbəsi idi. Çünki o vaxta kimi Türk xalqlarının çoxu işğal altında qalmışdı. Türkiyə Cümhuriyyət tarixi səhnədə olan yeganə Türk dövləti idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalına baxmayaraq, bura həmişə Atatürkün diqqət mərkəzində idi, bu ən çox Naxçıvan məsələsində özünü qabarıq nümayiş etdirdi: “Belə ki, Atatürk Sovet Rusiyası ilə Naxçıvanla bağlı Qars müqaviləsinin şərtlərinə görə Rusiya Naxçıvanı Azərbaycan ərazisi kimi tanımalı olur. Hətta Naxçıvanla Türkiyə arasında sərhəd qurmaq məqsədilə Atatürk İranla torpaq mübadiləsi etmişdi.
2006-cı ildə Rəcəb Tayyib Ərdoğanın Baş nazir, 2014-cü ildə isə Türkiyə Prezidenti seçilməsi Azərbaycanla Türkiyə münasibətləri ən parlaq zirvəyə ucaldı. Bununla da iki dövlət öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdirdilər. Rəcəb Tayyib Ərdoğan Azərbaycanla qardaşlıq prinsipinə sadiq qalaraq, dünyanın ən yüksək tribunalarından Azərbaycanın haqlı mübarizəsini bəyan edərək dəstəklədi. Bu qarşılıqlı münasibəti Prezident İlham Əliyev də nümayiş etdirdi.
Hazırda Türkiyə-Azərbaycan qardaşlığı ən yüksək səviyyədə davam edir və bunun ən böyük təntənəsi Şuşa Bəyannaməsidir. Hər sahədə olduğu kimi, əməkdaşlığın hərbi sahədə daha da dərinləşməsini özündə ehtiva edir. Hazırda Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı ən yüksək səviyyədədir. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Silahlı Qüvvələri türk ordu modelinə keçir. Bunun üçün müvafiq qanunverici baza da hazırlanıb.
Bu gün Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlarından biridir. Ankara, həmçinin türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm oynayır. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatı daxilindəki fəaliyyətdə özünü göstərir”.