TÜRKPA-nın Baş katibi Qırğız Respublikasının xarici işlər naziri ilə görüşüb

28 Oktyabr 2025 17:33 (UTC+04:00)

Oktyabrın 28-də Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev Bişkekdə səfərdə olan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya TÜRKPA-dan məlumat verilib.

Ramil Həsəni təyinatı münasibətilə təbrik edən nazir J.Kulubayev Qırğız Respublikasının türk əməkdaşlıq qurumlarının inkişafına xüsusi diqqət yetirdiyini və TÜRKPA-nın parlament diplomatiyasında əsas platforma kimi əhəmiyyətli rol oynadığını vurğulayıb.

TÜRKPA-nın fəaliyyəti barədə məlumat verən Baş Katib Qırğız Respublikasının Assambleyanın fəaliyyətinə və təşəbbüslərinə verdiyi dəstək üçün dərin minnətdarlığını ifadə edib, Türk dövlətlərinin Xarici İşlər nazirlikləri ilə əməkdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə, həmçinin gələcək tədbirlər, o cümlədən 2026-cı ildə Qırğız Respublikasında keçiriləcək TÜRKPA-nın 15-ci plenar sessiyası ətrafında müzakirələr aparılıb. Tərəflər Assambleyada davamlı və uzunmüddətli əməkdaşlığa sadiqliyini bir daha təsdiq edib.