Binalarda parkinq sahələrinin az olmasının səbəbi NƏDİR? - ƏMLAK EKSPERTİ AÇIQLADI

28 Oktyabr 2025 16:42 (UTC+04:00)

Paytaxtda yeni inşa olunan binalarda sakinlərin ən çox şikayət etdiyi məsələlərdən biri parkinq problemidir. Müasir və estetik görünüşlü binalar ilk baxışda rahat təsir bağışlasa da, avtomobil saxlamaq çox vaxt mümkün olmur. Yeraltı qarajlar olsa da, onların sayı azdır və qiymətləri yüksəkdir. Bəs bu vəziyyətdən çıxış yolu nədir? Yeni binalarda parkinq sahələrinin az olmasının əsas səbəbi nədir?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, əvvəlki binalarda, məsələn, 2018-dən əvvəl tikilən binalarda demək olar ki, 70-80 faizində parkinq məsələsi problemdir:

”Yəni onların aşağısında ya parkinq yoxdur, ya da varsa da onu ticarət obyekti kimi satıblar və öz kateqoriyasında fəaliyyət göstərmir. Amma 2018-ci ildən indiyə qədər, yeni tikilən binaların altında artıq parkinqlər, avtomobil dayanacaqları nəzərdə tutulur. Lakin buna baxmayaraq, bu parkinqlərin sayı azdır. Məsələn, binada 100 sakin varsa, parkinq yerləri 70-80 olur və bu, balansın pozulmasına səbəb olur. Mənzil sayına uyğun parkinq nəzərdə tutulmur.

Digər tərəfdən isə tikinti şirkətləri çox vaxt parkinqlərin yola düşən hissələrini yaşayış və ya ticarət obyekti kimi satırlar. Bu da nəticədə parkinq çatışmazlığı yaradır. Məsələn, 100 mənzilli binada 100 avtomobil üçün yer nəzərdə tutulmalıdırsa, bu satışlardan sonra realda 40-50 yer qalır.

Üstəlik, layihə mərhələsində də bu, nəzərə alınmır. Amma çox vaxt bu edilmədiyinə görə, hər mənzil başına bir yer prinsipi pozulur. Başqa bir səbəb isə odur ki, bəzi sakinlərin 2-3 avtomobili olur – özü, övladı və ya həyat yoldaşı üçün. Belə hallarda 100 mənzilə 100 yer də versən, bu, yenə də kifayət etməyəcək. O evlərdə artıq maşınlar məcburən küçədə, binanın ətrafında və ya pullu dayanacaqlarda saxlanılmalı olur. Yəni bu uyğunsuzluq məhz bu səbəblərdən yaranır. Bir sözlə, elə ev var ki, 4 maşını var, ona bir qaraj verilir, qalan 3 maşın küçədə qalır. Ona görə də bu balansı tam olaraq tənzimləmək mümkün olmur”.