“2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə ardıcıl olaraq endirdiyi raket zərbələri bu ölkənin Azərbaycana qarşı yalnız hərbi deyil, eyni zamanda total və vətəndaşlara yönəlmiş qisas müharibəsi apardığını açıq şəkildə nümayiş etdirdi. Bu hücumların heç birinin hərbi zərurətə əsaslanmadığı bəllidir. Bərdə şəhərində Azərbaycan Silahlı Qüvvələrinin hərbi bazası və ya hər hansı strateji obyekt yerləşmirdi. Əksinə, bu bölgə kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan, zəhmətkeş insanlarla tanınan dinc bir ərazidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Ermənistanın bu cür vəhşicəsinə hücumlar törətməkdə məqsədi sadə Azərbaycan vətəndaşlarından, yəni sivil əhalidən qisas almaq idi: “Bu, həm də düşmənin müharibənin ilk günlərində Azərbaycan xalqının birliyini, ordusuna və Ali Baş Komandana verdiyi dəstəyi sarsıtmaq cəhdindən irəli gəlirdi. Lakin Ermənistanın hesablamaları yanlış çıxdı. Azərbaycan xalqı, o cümlədən Bərdə sakinləri, bu hücumlara baxmayaraq geri çəkilmədi, əksinə, dövlət və ordunun ətrafında daha sıx birləşərək mübarizəyə ruh yüksəkliyi ilə davam etdilər.
Bərdə şəhərinə və digər bölgələrə endirilən bu raket zərbələri bir daha göstərdi ki, Ermənistanın strategiyası müharibənin qanunlarına deyil, vəhşilik və insanlıq əleyhinə addımlara əsaslanır. Ancaq Bərdə camaatı bu hücumlar qarşısında sınmadı. Onlar həm mənəvi, həm də praktiki olaraq Azərbaycan ordusuna güclü dəstək göstərdilər və qələbənin əldə olunmasında mühüm rol oynadılar. Bərdə bu müharibədə yalnız dözümlü və mərd insanları ilə deyil, eyni zamanda göstərdiyi vətənpərvərlik nümunəsi ilə tarixə düşdü”.