"Bərdə terroru Cənubi Qafqazda güc balansını dəyişdirən dönüş nöqtəsi oldu" - MÜNASİBƏT BİLDİRİLDİ

28 Oktyabr 2025 15:07 (UTC+04:00)

"Bərdə terrorunun 5-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə həmin faciənin təkcə humanitar deyil, həm də siyasi nəticələri aydın şəkildə görünür. 2020-ci ilin oktyabrında Ermənistan ordusunun dinc əhaliyə qarşı kaset bombalarından istifadə etməsi, əslində, onun hərbi və siyasi məğlubiyyətini gizlətmək cəhdi idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu vəhşilik əks təsir yaratdı - həm beynəlxalq aləmdə Ermənistanın təcavüzkar mahiyyətini bir daha ifşa etdi, həm də Azərbaycanın haqlı mövqeyini daha da gücləndirdi: "Bərdə terroru beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi. Dinc əhalinin, qadınların və uşaqların hədəfə alınması sülh çağırışlarının saxtalığını göstərdi. Bu hadisədən sonra Azərbaycan diplomatiyası öz səylərini beynəlxalq tribunalarda müharibə cinayətlərinin tanıdılmasına yönəltdi. Bu proses təkcə ədalət axtarışı deyil, həm də gələcəkdə belə cinayətlərin qarşısını almaq üçün mühüm addımdır.

Siyasi baxımdan Bərdə faciəsi regionun güc balansında dönüş nöqtəsi rolunu oynadı. Azərbaycan dövlətinin çevik hərbi-siyasi reaksiyası, diplomatik fəallığı və informasiya müharibəsində uğurlu strategiyası nəticəsində ölkəmiz təkcə döyüş meydanında deyil, beynəlxalq aləmdə də qalib mövqeyə yüksəldi. Bu hadisə həm də Azərbaycanın sülh gündəliyinin nə qədər prinsipial və humanist əsaslara söykəndiyini göstərdi. Azərbaycan heç zaman mülki əhalini hədəf almamış, beynəlxalq hüquqa sadiqliyini qorumuşdur. Buna görə də Bərdə terroru həm Ermənistanın mənəvi iflasının, həm də Azərbaycanın ədalət və sülh üzərində qurulan siyasətinin parlaq nümunəsinə çevrildi. Bu gün 5 il sonra Bərdə terrorunu xatırlamaq təkcə keçmişə baxmaq deyil, həm də gələcək üçün dərs çıxarmaq deməkdir. Azərbaycan artıq regional sabitliyin əsas təminatçısına çevrilib və bu reallıqla hesablaşmamaq Ermənistan üçün növbəti siyasi səhv olardı".