“4 günlük iş rejimi dünyanın bir çox ölkələrində tətbiq olunur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatı da ölkələrə 4 günlük iş rejiminə keçməyi tövsiyyə edir: “Ölkəmiz də Beynəlxalq Əmək Təşkilatının üzvüdür və onun tövsiyyə etdiyi bir çox istiqamətdə addımlar atır. 4 günlük iş rejiminə keçid ölkəmizdə də müzakirə olunur. Düşünmürəm ki, 4 günlük iş rejimi bütün sahələrdə tətbiq olunacaq. Bununla bağlı Əmək Məcəlləsində dəyişikliklərə ehtiyac var.
4 günlük iş rejimi ilə yanaşı saathesabı iş rejiminə keçidlə bağlı da müzakirələr gedir. Burada artıq minimum əmək haqqı anlayışı yox, saatlıq minimum əmək haqqı anlayışı gündəmə gəlir. Bir çox müəssisələrdə işçilərin istismarı halları da var. Belə hallarla bağlı Dövlət Əmək Müfəttişliyi müəssisələrdə mütamadi yoxlamalar keçirməlidir. Bu yoxlamalar kampaniya xarakterli olmamalıdır. İşçilərin hüquqlarının qorunması istiqamətində real addımlar atılmalıdır. İşçilərin hüquqlarının qorunması ilə bağlı Həmkarlar İttifaqı Təşkilatı da var. Yaxşı olardı ki, Həmkarlar İttifaqı təşkilatı da öz funksiyasını yerinə yetirsin. Həmkarlar İttifaqı təşkilatı yeni çağırışlara uyğun öz işini qurmalıdır. Dövlət qurumları öz işini görsələr əmək bazarında belə hallar olmaz. 4 günlük iş rejiminə isə keçid təbii ki, mümkündür. Yəni ölkəmizin 4 günlük iş rejiminə keçməsi üçün heç bir maneə yoxdur”.
Müəllif: İlkin Məmmədkərimov