DİQQƏT: Jurnalistlər üçün limitsiz danışıq və internet paketləri yaradılır? - AYDINLIQ GƏTİRİLDİ

28 Oktyabr 2025 14:32 (UTC+04:00)

Məlum olduğu kimi bütün dünyada mobil operatorlar jurnalistlər üçün simvolik məbləğ ödəməklə limitsiz danışıq və internet imkanı verən tarif paketləri təqdim edirlər. Məsələn, Avropada "Vodafone", "Orange", "T-Mobile", "Telefonica" kimi nəhəng mobil operatorlar jurnalistlərə 28-43 avro aralığında qiymətlərlə limitsiz danışıq və internet imkanı verən tarif paketləri təqdim edir. ABŞ-da da mobil operatorlar 21-52 dollar aralığında jurnalistlər üçün limitsiz danışıq və internet imkanı təqdim edirlər. Bəs ölkəmizdə mobil operatorlar jurnalistlər üçün kiçik məbləğ ödəməklə limitsiz danışıq və internet imkanı verən tarif paketləri istifadəyə verə bilərmi?

Mövzu ilə bağlı İKT üzrə ekspert Fərid Kazımov SİA-ya açıqlamasında bildirib ki, mobil operatorlar korporativ kommunikasiyalar istiqamətində jurnalistlərlə ünsiyyətdə olurlar: "Mobil operatorların jurnalistlər üçün bu cür tarif paketləri istifadəyə verib verməyəcəyi öz qərarlarıdır. Məlumatıma görə, hər bir mobil operatorun mütamadi ünsiyyətdə olduğu jurnalist qrupları var. Həmin jurnalistlər mobil operatorların keçirdiyi tədbirləri, əldə etdikləri naliyyətləri işıqlandırırlar. Mobil operatorlar həmin jurnalistlər üçün endirimli tariflər təqdim edirlər. Yaxşı olardı ki, ölkəmizdə də mobil operatorlar jurnalistlərə kiçik məbləğlərlə limitsiz danışıq və internet imkanı verən tarif paketləri təqdim etsinlər. Jurnalistlərin işləri telefon, hər saniyələri internet üzərində qurulub. Təbii ki, mobil operatorlar bunu nəzərə almalıdırlar” deyə o bildirib.

Azercell Telekom MMC-dən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azercell artıq uzun illərdir ki, media nümayəndələri üçün "Mediacell" tarifini təqdim edir. Jurnalistlər üçün kiçik məbləğlə limitsiz danışıq və internet paketlərinin istifadəyə verilməsi yaxın vaxtlar üçün nəzərdə tutulmayıb.

Müəllif: İlkin Məmmədkərimov