Hazırda dünyada "Insurtech" bazarının qiyməti təxminən 35 milyard dollardır. SİA xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Türk Dövlətləri InsurTech Sammiti 2025” tədbirində çıxışı zamanı bildirib.
O bildirib ki, 2034-cü ilədək bu rəqəmin 610 milyard dollara çatması gözlənilir.
“Proses çox sürətlə gedir. Bu prosesi sürətlə aparan birincisi innovator arxetipidir. Burada yeni texnologiyalar həm biznes modeli, həm də sığorta yanaşmasını sürətlə dəyişir. Biz yeniliklərə vaxtında adaptasiya olmasaq, rəqabətə uduzmaq kimi riskimiz var. Bu gün böyük verilənlər bazasının yaradılması, risk qiymətləndirilməsinin daha yüksək mərhələyə qədəm qoyması bütövlükdə sığortanın mahiyyətini dəyişir”, - deyə Vüsal Qasımlı vurğulayıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev isə bildirib ki, Türk Dövlətləri Təşkilatının məqsəd və prinsipləri əsasında formalaşdırılmış Türk Dünyası Sığorta Birliyi çərçivəsində üzv və müşahidəçi təşkilatlarla birgə “Insurtech” platformasının yaradılması ideyasını müzakirə ediblər: ““Insurtech” artıq gələcəyin deyil, bu günün reallığıdır. Türk dünyasında biz bu sahədə böyük potensiala, gənc texnoloji resurslara və ortaq dəyərlərə sahibik. Əgər bu imkanları birləşdirə bilsək, yaxın 5 ildə regionumuzu sığorta texnologiyalarında qlobal mərkəzə çevirə biləcəyik”.