Pilotsuz uçuş aparatları ilə bağlı aparılan tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub

28 Oktyabr 2025 13:13 (UTC+04:00)

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib. Bu barədə SİA-ya institutdan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev seminarın “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində əldə olunan elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

İnstitutun doktorantı Orxan Vəlixanlı məruzəni təqdim edərək dissertasiya işinin aktuallığı, məqsədi, elmi yeniliyi, qarşıya qoyulmuş məsələlər, eləcə də iş çərçivəsində aparılmış elmi-praktik tədqiqatların nəticələri haqqında məlumat verib. Qeyd edib ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” və “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”ndan irəli gələn məsələlər, o cümlədən son dövrlərdə pilotsuz uçuş aparatlarının (PUA) həm mülki, həm də hərbi sahədə geniş tətbiq olunması və s. bu kimi amillər dissertasiya işinin aktuallığını şərtləndirir.

O.Vəlixanlı bildirib ki, dissertasiya işinin məqsədi PUA-lara edilən bəzi növ kiberhücumları yüksək dəqiqliklə aşkarlaya bilən, sürətli, özü-özünə öyrənən, bu hücumların təsirinə qarşı dayanıqlı olan intellektual metod və alqoritmlərin işlənməsidir.

Tədqiqatçı dissertasiya işi üzrə “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizlik üzrə elmi-nəzəri problemlərinin analizi” ilə bağlı PUA-ların əsas komponentləri, funksional missiyasının araşdırıldığını, təsnifatının aparıldığını, bu aparatların kibertəhlükəsizlik problemlərinin ətraflı tədqiq olunduğunu diqqətə çatdırıb.

Dissertasiya işinə dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Akademik Rasim Əliquliyev PUA-ların kibertəhlükəsizliyinin təmin olunması istiqamətdə əldə edilən nəticələrə münasibətini bildirib. Alim ağıllı idarəetmə sistemləri və süni intellekt texnologiyaları ilə təchiz olunan, müşahidə, kəşfiyyat və digər strateji təyinatlı tapşırıqların icrasında geniş tətbiq olunan yüksək texnoloji innovasiya məhsulu – PUA-ların təhlükəsizliyinin təmin olunması məsələlərinin müasir dövrün prioritet istiqamətlərindən biri olduğunu bildirib. Akademik R.Əliquliyev bu aparatların kibertəhlükəsizliyi problemlərinin dərindən araşdırılmasının vacibliyinə toxunub, bu istiqamətdə aparılan tədqiqatın aktuallığını vurğulayıb.

Akademik R.Əliquliyev dissertasiya işi çərçivəsində əldə olunmuş elmi-praktiki nəticələrin PUA-ların kiberdayanıqlıq səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Akademik R.Əliquliyev elmi seminarda səsləndirilən irad və təkliflərin tədqiqat işinin daha da təkmilləşdirilməsi baxımından dəyərli olduğunu bildirib, hər bir tövsiyənin nəzərə alınmasının önəmini xüsusi qeyd edib.