“Azərbaycanda avtomobil sənayesinin inkişafı üçün mühüm addımlar atılıb” - Əyyub Əliyev

28 Oktyabr 2025 11:24 (UTC+04:00)

“Son illərdə Azərbaycanda avtomobil sənayesində mühüm addımlar atılmışdır. Əvvəlcə avtomobillər satışa çıxarılmış, bundan sonra isə müxtəlif sənaye sahələrində avtomobil texnologiyalarının tətbiqi genişlənmişdir. Sənaye zonalarının yaradılması ölkədə avtomobil istehsalı müəssisələrinin qurulmasına və inkişafına böyük imkanlar açmışdır". SİA xəbər verir ki, bu fikirləri “Automechanika Baku” beynəlxalq sərgisinə həsr olunmuş mətbuat konfransında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Əyyub Əliyev səsləndirib.

Əyyub Əliyev bildirib ki, dövlət başçısının rəhbərliyi ilə nəqliyyat sahəsində qəbul edilən qərarlar avtomobil sənayesinin dayanıqlı inkişafına təkan verib: “Xüsusilə, 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanla Azərbaycanın 2036-cı ilə qədər iqtisadi inkişaf üzrə Milli Prinsipləri müəyyən edilmişdir. Bu fərman - "Təmiz Mühit, Yaşıl İqtisadiyyat və Dayanıqlı İnkişaf Proqramı" - nəqliyyat sektorunun transformasiyasını və köhnəlmiş praktikaların aradan qaldırılmasını ön plana çəkir".

O qeyd edib ki, bu təşəbbüslər çərçivəsində ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsi genişlənib, elektrik və hibrid avtomobillərin tətbiqi sürətlənib: “Avtomobil parkının modernləşdirilməsi istiqamətində xüsusi icazə proqramı həyata keçirilmiş, eyni zamanda nəqliyyat infrastrukturu üzrə əhəmiyyətli layihələr icra olunmuşdur".

Əyyub Əliyev Azərbaycanın avtomobil sənayesində yerli istehsalın və texnoloji inkişafın dəstəklənməsinin prioritet olduğunu vurğulayıb: "Biz Azərbaycanda müasir avtomobil və avtomobil komponentləri istehsalının daha da inkişaf etməsini səbirsizliklə gözləyirik. Bu sahədə yalnız xarici birbaşa investisiyalar deyil, həm də yerli biznesin fəal iştirakı vacibdir".

Sonda o, ölkədə həyata keçirilən sənaye və nəqliyyat layihələrinin beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib: “Biz, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq, bu layihəni tam dəstəkləyirik və əminik ki, dövlət, biznes və media nümayəndələrinin birgə fəaliyyəti sayəsində bu sahədə mühüm uğurlara imza atılacaq”.