Bakıda dünyaca məşhur “Automechanika” brendinə məxsus beynəlxalq sərginin təqdimatı keçirilir. SİA xəbər verir ki, 2027-ci ildə Azərbaycan ilk dəfə olaraq “Automechanika” brendinin beynəlxalq avtomobil sərgisinə ev sahibliyi edəcək.
“Automechanika Baku” sərgisi 3–5 mart 2027-ci il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. Sərgi beynəlxalq sərgi təşkilatçısı “Tajsir Expo” şirkəti tərəfindən Almaniyanın “Messe Frankfurt Exhibition GmbH” şirkəti ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Avtomobil Federasiyasının rəsmi dəstəyi ilə keçiriləcək. Eyni zamanda sərgiyə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) dəstək göstərir.
Tədbirdə “Messe Frankfurt Exhibition GmbH” şirkətinin vitse-prezidentləri, Azərbaycan Avtomobil Federasiyasının nümayəndələri, “Tajsir Expo” şirkətinin rəhbərliyi, həmçinin media və avtomobil sənayesi üzrə mütəxəssislər iştirak edirlər.
Sərgi Azərbaycanın avtomobil sənayesinin inkişafına mühüm töhfə verəcək və ölkənin Qafqaz regionunda avtomobil sənayesinin strateji mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Tədbirdə avtomobil hissələri, komponentlər, diaqnostika, texniki qulluq, elektronika, akkumulyator və aksesuarlar sahəsində innovativ həllər təqdim olunacaq.