Mətləb Salahov: “Paşinyan Ermənistanın “qara gündən” çıxması üçün Ankara və Bakı ilə inteqrasiyanın tək yol olduğunu gözəl bilir”
“Prezident İlham Əliyevin Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədəki qərarı əslində bütün erməni cəmiyyətinə mühüm və real sülh mesajıdır. Bunun ardınca Nikol Paşinyanın da Azərbaycan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılacağına dair bəyanatı rəsmi İrəvanın Azərbaycan Prezidentinin start verdiyi real sülh addımına cavab dəstəyi kimi də qiymətləndirilə bilər.
Düzdür, hazırda erməni cəmiyyətinin heç də hamısı Azərbaycanla kommunikasiyaların açılmasına, iki ölkə arasında gediş-gəlişin bərpa edilməsinə ürəkdən əl qaldırmır. Xüsusilə daşnak yuvasına çevrilmiş erməni kilsəsinin insanların dini inanclarını istismar edib yenidən müharibə siyasətini alovlandırmaq cəhdləri diqqətdən yayınmır. Amma ağlı başında olan ermənilər əla anlayır ki, indi ötən əsrin 80-90-cı illəri deyil və hazırda Azərbaycanla əməkdaşlığa nail olmadan batırılmış Ermənistanı dirçəltmək qəliz məsələdir.”
Bu barədə SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, xüsusilə bir sıra mühüm iqtisadi layihələrə və bölgənin logistika prosesinə qoşulmaq üçün İrəvanın Azərbaycana əl uzatmaqdan başqa yolu qalmayıb.
“Əlbəttə, Paşinyan hökuməti artıq hər kəs tərəfindən qəbul edilmiş vacib bir geopolitik reallığı qəbul etməyə məcbur qalıb – bölgədə tranzit, logistika və enerji xəritəsini müəyyən edən əsas müəyyənedici ölkə məhz Azərbaycandır. Rəsmi Bakı ilə sülhə nail olub üfunət iyi verən Ermənistan iqtisadiyyatını xilas etmək, Ermənistanın Türkiyə və Azərbaycanla ticarət dövrüyyəsini milyard dollar civarına yüksəltmək N.Paşinyan hökuməti üçün artıq hədəf kimi elan olunub. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan parlamentdə büdcə dinləmələrində açıqca bəyan edib.
Amma ən önəmli proses xarici işlər naziri Ararat Mirzoyanın gələn ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə Azərbaycan və Türkiyə Prezidentlərinin dəvət olunmasıdır. Düşünürəm ki, Azərbaycan və Türkiyə liderlərinin İrəvana səfər etmələri inteqrasiya və sülh prosesi üçün olduqca önəmli hadisə sayılacaq. Bu həm də min illərdir erməni cəmiyyətini gənə kimi məhv edən xəstə daşnak streotiplərinə ölümcül zərbə də sayılacaq. Belə ki, gələn ilin yazına qədər N.Paşinyanın Azərbaycana səfər edə biləcəyi də mümkün və real prosesdir. Lakin İrəvan və Bakı arasında yaşanan bu inteqrasiya prosesi həm də real Sülh Müqaviləsinin reallaşması üçün böyük imkanlar yaradır. Əlbəttə, hər şeyi zaman göstərəcək”.
Ayşən Vəli