Rusiyaya qarşı uzaqmənzilli zərbələrin coğrafiyası genişləndiriləcək. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ali Komandanlığın iclasında bildirib.
“Biz müəyyən bir müddət ərzində uzaqmənzilli zərbələrimizin effektivliyini və əldə edilən nəticələri təhlil etdik. Rusiyanın “neft emalı” sənayesi artıq müharibəyə görə əhəmiyyətli bir bədəl ödəyir və daha da çox ödəyəcək. Biz uzaqmənzilli imkanlarımızın coğrafiyasını genişləndirmək üçün hədəflər müəyyən etdik”, - deyə dövlət başçısı vurğulayıb.
Artıq istehsalçılarla uzunmüddətli müqavilələr üzərində işlərin aparıldığını qeyd edən Prezident əlavə edib ki, üç illik müqavilələr onlara resursların istifadə edilməsini daha yaxşı planlaşdırmağa və Ukrayna əsgərlərinə tədarükləri genişləndirməyə imkan verir. Ukrayna lideri əmin edib ki, bu cür müqavilələrin sayı artacaq.
Zelenski, həmçinin qeyd edib ki, qərargahda Rusiyanın Ukrayna infrastrukturuna və enerji obyektlərinə zərbələri müzakirə olunub. Müdafiə ehtiyacları və hava hücumundan müdafiə sistemlərinin təchizatı üzrə tərəfdaşlarla iş üçün məqsədlər müəyyən edilib.
“Lazımi sistemlər tərəfdaşlarımızda var və Ukrayna diplomatiyasının müvafiq qərarları daha fəal şəkildə hazırlaması vacibdir”, - deyə Prezident bildirib.