Mali hökuməti yanacaq çatışmazlığı ilə əlaqədar bazar ertəsindən etibarən ölkə üzrə bütün məktəb və universitetlərdə dərsləri iki həftəlik dayandırıb. SİA xəbər verir ki, bu barədə hökumət bazar günü gecə saatlarında üsyançıların blokada yaratmasından sonra bəyanat yayıb.
Hazırda ölkə boyu benzin və dizel yanacağının çatışmazlığı müşahidə olunur.
Sentyabr ayının əvvəlində “Camaat Nüsrət əl-İslam val-Müslimin” qruplaşmasının silahlıları dənizə çıxışı olmayan bu Qərbi Afrika ölkəsinə yanacaq idxalına blokada tətbiq etdiklərini elan ediblər və o vaxtdan bəri ölkəyə daxil olaraq paytaxta çatmağa çalışan yanacaq daşıyan kolonlara hücumlar təşkil ediblər.
Analitiklər yanacaq blokadasını Mali hərbi hökumətinə təzyiq kampaniyasının bir hissəsi kimi qiymətləndirir və qeyd edirlər ki, silahlı qruplar ölkə iqtisadiyyatının “oksigenini kəsməyə” çalışırlar.
Qeyd edək ki, 2024-cü ildə Mali hökuməti güclü yağış mövsümündən sonra baş verən daşqın səbəbindən dərs ilinin başlanmasını da təxirə salmışdı.