"Böyük Qayıdış proqramı təkcə işğaldan azad edilmiş ərazilərin bərpası deyil, eyni zamanda Azərbaycanın milli güc konsepsiyasının tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, bu proqramın əsas məqsədi azad olunmuş torpaqlarda həyatın tam bərpasını təmin etmək, dayanıqlı məskunlaşmanı həyata keçirmək və Qarabağı ölkənin iqtisadi, sosial və mədəni sisteminə tam inteqrasiya etməkdir: "Bu gün artıq Füzuli, Zəngilan, Laçın, Şuşa və digər rayonlarda aparılan genişmiqyaslı infrastruktur layihələri - yollar, enerji xətləri, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış məhəllələri dövlətin məqsədyönlü siyasətinin real nəticəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu bərpa prosesi təkcə daxili inkişaf deyil, həm də geosiyasi baxımdan mühüm strateji məna daşıyır. Regionda sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycan indi yeni model formalaşdırır. Qarabağın dirçəlişi və əhalinin könüllü, mərhələli şəkildə geri dönüşü ölkəmizin siyasi, iqtisadi və demoqrafik qüdrətini artırır. Bu, həm də Azərbaycanın öz suveren ərazilərində real idarəçilik və təhlükəsizlik sistemini tam bərpa etdiyini göstərir. Eyni zamanda Böyük Qayıdış prosesi beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunu daha da gücləndirir. Çünki dünyaya nümayiş olunur ki, Azərbaycan işğaldan sonrakı bərpa və reinteqrasiya modelini müstəqil şəkildə, beynəlxalq standartlara uyğun şəkildə həyata keçirir. Bu, ölkəmizin regional liderlik rolunu möhkəmləndirir və Cənubi Qafqazda sülh, əməkdaşlıq və inkişaf üçün yeni reallıq yaradır. Beləliklə, Böyük Qayıdış həm milli kimliyimizin bərpası, həm də Azərbaycanın regionda dayanıqlı güc mərkəzi kimi mövqeyinin təsdiqidir".