Azərbaycan və Qazaxıstan arasında əlaqələr yalnız diplomatik münasibətlər çərçivəsində deyil, həm də ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə əsaslanan qardaşlıq bağları ilə formalaşıb. Hər iki xalq əsrlər boyu Türk sivilizasiyasının ayrılmaz hissəsi olmuş, eyni etnik köklər, oxşar adət-ənənələr və ortaq dini dəyərlər üzərində bir-birinə yaxınlaşmışdır. Bu gün isə bu əlaqələr müasir dövrün tələblərinə uyğun şəkildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və regional əməkdaşlığın mühüm dayaqlarından birinə çevrilib.
Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə həm Azərbaycan, həm də Qazaxıstan öz müstəqilliyini bərpa etdi. 30 avqust 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər rəsmən quruldu və həmin dövrdən etibarən əlaqələr davamlı şəkildə inkişaf etməyə başladı. İlk illərdə əməkdaşlıq daha çox siyasi dəstək və mədəni münasibətlər üzərində qurulsa da, 2000-ci illərdən etibarən iqtisadi, enerji və nəqliyyat sahələrində böyük bir tərəfdaşlıq formalaşdı. Bu, həm də iki dövlətin rəhbərlərinin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan və Qazaxıstan beynəlxalq aləmdə bir-birilərinə daim sadiq müttəfiq kimi yanaşırlar. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Avrasiya İqtisadi İttifaqı və Türk Dövlətləri Təşkilatı (TDT) kimi beynəlxalq və regional qurumlarda sıx əməkdaşlıq edir. Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmiş, Qarabağ münaqişəsi dövründə və 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycanın ədalətli mövqeyinə anlayış və hörmətlə yanaşmışdır. Eyni zamanda, Azərbaycan da Qazaxıstanın regional sabitlik, enerji təhlükəsizliyi və iqtisadi inkişaf sahəsindəki təşəbbüslərinə ardıcıl şəkildə dəstək verir. Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkənin birgə fəaliyyəti Türk dünyasının inteqrasiyası istiqamətində mühüm rol oynayır. Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin Türk dünyasının birliyinə dair ideyaları və Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdəki ardıcıl siyasəti iki xalqın həmrəyliyini daha da gücləndirib. Beynəlxalq aləmdə Azərbaycan və Qazaxıstan daim bir-birilərinə dəstək göstərirlər.
Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim müdafiə etmiş, Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinə açıq şəkildə dəstək ifadə etmişdir. Azərbaycan da öz növbəsində Qazaxıstanın regional sabitlik, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində irəli sürdüyü təşəbbüsləri dəstəkləyir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbəsindən sonra Qazaxıstan Respublikası Qarabağın bərpası və yenidən qurulması prosesində Azərbaycanın yanında olduğunu nümayiş etdirmişdir. Qazaxıstan dövləti, Azərbaycan xalqının sevincini bölüşərək, azad edilmiş ərazilərin dirçəlişinə öz real töhfəsini vermişdir. Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələr son illərdə yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında ticarət dövriyyəsi hər il artır və qarşılıqlı sərmayə layihələri reallaşdırılır.
Azərbaycan şirkətləri Qazaxıstanda, Qazaxıstan şirkətləri isə Azərbaycanda müxtəlif layihələrdə iştirak edirlər. Mədəni əlaqələr də iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biridir. Bakı və Astana şəhərlərində keçirilən mədəniyyət günləri, sərgilər, elmi konfranslar xalqların bir-birinə daha yaxından tanımasına xidmət edir. Hər iki ölkənin gəncləri təhsil və mədəniyyət proqramları çərçivəsində sıx əlaqələr qururlar. Bütün bu amillər Azərbaycan və Qazaxıstan münasibətlərinin təkcə regional deyil, həm də beynəlxalq miqyasda nümunəvi əməkdaşlıq modeli olduğunu göstərir. Qardaşlıq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik yaradır.
Abil Ağasəfov
YAP Qəbələ rayon təşkilatının sədri