"Zəngəzur dəhlizinin gələcəkdə açılması..." - ŞƏRH EDİLDİ

27 Oktyabr 2025 16:12 (UTC+04:00)

"Şübhəsiz ki, Azərbaycan üçün Qarabağ Zəfərindən sonra ən prioritet məsələlərdən biri Qarabağın yenidən qurulmasıdır. Çünki biz bilirik ki, torpaqlarımız 30 ilə yaxın işğal altında olub və bu müddət ərzində Ermənistan Respublikası, həmçinin oradakı separatçı rejim Qarabağın flora və faunasına, şəhər arxitekturasına və ümumilikdə bütün sahələrə ciddi zərər vurub. Qarabağı yaşanmaz vəziyyətə salmağa çalışıblar və təəssüf ki, bu niyyətlərində müəyyən qədər “uğurlu” da olublar". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, Ağdam və digər şəhərlərin bugünkü durumu bunu açıq şəkildə göstərir: "Ərazilər minalanıb, səngərlər qazılıb, infrastruktur tamamilə dağıdılıb və humanizmə zidd addımlar atılıb. Hazırda Azərbaycan dövləti bu dağıntıların izlərini silmək üçün ciddi səylər göstərir. Qarabağda sürətlə şəhərsalma işləri aparılır, minalar təmizlənir, yollar çəkilir, hava limanları tikilir və insanlar mərhələli şəkildə öz yurdlarına qaytarılır. Bu, Azərbaycan üçün strateji və mənəvi baxımdan ən mühüm məsələdir. Bununla yanaşı, bölgədə kənd təsərrüfatı, turizm və təbii sərvətlərdən səmərəli istifadənin artırılması istiqamətində mühüm addımlar atılır. Artıq orada agroparklar, istehsal müəssisələri və müxtəlif iqtisadi layihələr həyata keçirilir ki, bu da xalqın rifahının yüksəlməsinə müsbət təsir göstərir.

Əlbəttə ki, bu proses müəyyən vaxt tələb edir, çünki düşmənin Qarabağa vurduğu zərər həm dərin, həm də genişmiqyaslı olub. Lakin Azərbaycan bu bərpa prosesini ardıcıl və uğurlu şəkildə davam etdirir. Yaxın illərdə işlərin daha da sürətlənəcəyi, Qarabağlıların tam şəkildə öz doğma torpaqlarına qayıdacağı və bölgənin ölkənin digər inkişaf etmiş regionları kimi formalaşacağı gözlənilir. Bunun üçün həm maliyyə vəsaiti, həm də zaman lazımdır. Hazırda Azərbaycan dövləti bu resurslardan səmərəli şəkildə istifadə edir və prosesdə heç bir gecikmə və problem müşahidə olunmur.

Qeyd etmək lazımdır ki, Orta Dəhlizin aktivləşməsi və Zəngəzur dəhlizinin gələcəkdə açılması Qarabağın, eləcə də ümumilikdə Azərbaycanın iqtisadi inkişafına mühüm töhfə verəcək. Bu dəhlizlərin fəaliyyətə başlaması ilə Qarabağ regionu mühüm tranzit və logistik mərkəzə çevriləcək, ölkənin iqtisadi inteqrasiyası daha da güclənəcək. Beləliklə, həm Qarabağın bərpası, həm də onun strateji mövqeyi Azərbaycanın gələcək inkişafının əsas dayaqlarından birinə çevriləcək".