“Diplomatik münasibətlər 1992-ci ildən qurulsa da, Azərbaycan və Qazaxıstan xalqları arasında əsrlər boyu davam edən qardaşlıq və dostluq əlaqələri mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ məsələsində ədalətli mövqeyinə ilk dəstək verən ölkələrdən biri də məhz Qazaxıstan olub. Bu ölkə müxtəlif vaxtlarda danışıqlarda vasitəçi kimi çıxış edib, bəzən mərkəzçi mövqe nümayiş etdirib. Qazax ziyalısı Oljas Süleymanovun 1990-cı ildə SSRİ Ali Sovetində Azərbaycanın haqq səsini müdafiə etməsi hələ də xalqımızın yaddaşındadır. Müstəqillik illərində münasibətlərimizin möhkəmlənməsində həm keçmiş, həm də hazırkı liderlərin mühüm rolu olub. Səfər zamanı Prezident İlham Əliyevin Astana hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən şəxsən qarşılanması və yola salınması iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi.
Qazaxıstan və Azərbaycanı birləşdirən Xəzər dənizi həm coğrafi, həm də iqtisadi baxımdan körpü rolunu oynayır. Bu körpülərin möhkəmləndirilməsi istiqamətində atılan addımlar regional və qlobal əhəmiyyət daşıyır. Səfər zamanı Orta Dəhlizin inkişafı ilə bağlı layihə təqdim olundu. Prezident İlham Əliyev bəyan etdi ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsi 2026-cı ilin ortalarına qədər tamamlanacaq. Bu dəhliz təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütövlükdə Türk dünyası və beynəlxalq logistika şəbəkəsi üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Çinlə ticarət dövriyyəsinin üç dəfə artırılması və 2030-cu ilə qədər bu həcmin 10 milyon tona çatdırılması planlaşdırılır. Bu məqsədə çatmaq üçün trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti vacib amildir.
Qazaxıstanın azad olunmuş ərazilərdə, xüsusilə Füzuli şəhərində öz vəsaiti hesabına uşaq yaradıcılıq mərkəzi inşa etməsi qardaşlığın real təzahürüdür. Prezident İlham Əliyev bu nəcib təşəbbüsə görə minnətdarlığını bildirib. Səfər çərçivəsində imzalanan sənədlər – əməkdaşlıq sazişləri, anlaşma memorandumları və süni intellekt, dövlət qurumları arasında təcrübə mübadiləsi kimi sahələri əhatə edən razılaşmalar yeni əməkdaşlıq imkanlarını açır.
Azərbaycan və Qazaxıstan həm də Türk Dövlətləri Təşkilatında üzv ölkələr kimi birgə fəaliyyət göstərir. Qazaxıstanın geosiyasi mövqeyi, enerji resursları və insan potensialı bu birliyin gələcəyinə mühüm töhfə verir. Sülh, rifah və təhlükəsizlik istiqamətində birgə güc nümayiş etdirmək üçün bu əlaqələrdən maksimum istifadə olunmalıdır. Prezidentlərin səfər zamanı verdiyi mesajlar və imzalanan sənədlər regionda sabitliyin və inkişafın təminatçısı ola bilər. Bu səfər sadəcə dövlət başçısının rəsmi səfəri deyil, həm də Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində atılmış mühüm addım kimi tarixə düşür".