...Brukinqs İnstitutunun məlumatına görə, Qərb limanlarından ixrac edilən Rusiya neftinin üçdə birini daşıyan Yunanıstan tanker şirkətləri, Donald Tramp administrasiyasının tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiya neft şirkətləri ilə işləməkdən imtina etməyə başlayıblar.
SİA xəbər verir ki, bu barədə The Moscow Times yazır.
Reuters agentliyi vəziyyətlə tanış mənbələrə istinadən xəbər verir ki, bu il hər ay 10-20 milyon barel Rusiya nefti ixrac edən Yunanıstan gəmi sahiblərinin iştirakı oktyabr ayının sonunda minimuma düşüb.
Agentliyin mənbələrinə görə, Urals xam nefti hazırda əsasən kölgə donanmasından olan tankerlər tərəfindən daşınır. Bununla yanaşı, sanksiyaların sərtləşdirilməsindən bəri yük daşımaları tarifləri xeyli artıb.
Primorsk və Ust-Luqadan Hindistan limanlarına tək bir Urals yükünün daşınmasının dəyəri ayın əvvəlində 7 milyon dollarla müqayisədə 8 milyon dolları keçib.
Reuters mənbələri bildiriblər ki, bu arada bəzi daşıyıcılar qiymətləri hər səfər üçün 10 milyon dollara qədər qaldırıblar. Ötən çərşənbə günü ABŞ prezidenti Donald Tramp ölkənin istehsalının yarısını və ixracın hər ikinci barelini təşkil edən Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoil”-a qarşı bloklayıcı sanksiyalar tətbiq edib.
Eyni zamanda, Avropa İttifaqı 19-cu sanksiya paketinin bir hissəsi olaraq kölgə donanmasından daha 117 tankeri qara siyahıya saldı və bununla da ümumi sayı 558-ə çatdı.
..."Kölgə donanması" Rusiya neftinin təxminən yarısını daşıyır. Finlandiya CREA mərkəzinin hesablamalarına görə, qalan hissəsi ya G7 ölkələrinə məxsus, ya da Qərb ölkələri tərəfindən sığortalanmış tankerlər tərəfindən daşınır.
Əli Babayev