Trek velosipedi üzrə mövsümün bağlanış yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından SİA-ya verilən məlumata görə, Respublika Velotrekində təşkil olunan yarışda klub və cəmiyyətlərin 50-yə yaxın idmançısı iştirak edib. 3 yaş kateqoriyasında mübarizə aparan idmançılar xal toplamaqla qrup ötüşməsində qüvvələrini sınayıblar.
U-15 yaş kateqoriyasında idmançılar 14 kilometr məsafə qət ediblər. Yarışın yekununa əsasən, Timur Rəcəbov 1-ci, İslam Əliyev 2-ci, İsmayıl Xankişiyev 3-cü yeri tutub.
U-17 yaş kateqoriyasında 18 kilometr məsafəyə yarışda mübarizə aparan idmançılar arasında Nihad Xudoyev, Çingiz İsayev və Cavid Baxşıyev müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.
Gənclər, U-23 və Elit kateqoriyasında yarışan idmançıların 24 kilometr məsafəyə ötüşməsi Tural İsrafilovun qələbəsi ilə yekunlaşıb. Rəhim Nağıyev gümüş, Camal İbrahimzadə bürünc medala yiyələnib.
Mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.