"Ermənistan sülh imzasını uzatdıqca öz gələcəyini risk altına atır" - ŞƏRH EDİLDİ

27 Oktyabr 2025 13:34 (UTC+04:00)

"Ermənistanın hələ də sülh sazişinə imza atmaması, əslində bu ölkənin siyasi qərarsızlığının və daxili təzyiqlərin bariz göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, 2020-ci il müharibəsindən sonra Ermənistan reallıqları qəbul etməli, yeni regional nizamda öz yerini müəyyən etməli idi. Lakin bu günə qədər İrəvan konkret və qəti addım atmaqdan çəkinir: "Bunun bir neçə əsas səbəbi var. Ermənistan daxilində revanşist dairələrin və köhnə siyasi qüvvələrin təsiri hələ də güclüdür. Onlar sülh imzasını öz məğlubiyyətlərinin rəsmi təsdiqi kimi görür və cəmiyyətdə “itirilmiş torpaqlar” mövzusu üzərindən siyasi manipulyasiyalar aparırlar. Ermənistan hakimiyyəti Qərb və Rusiya arasında manevr etməyə çalışır. Hər iki tərəfdən müəyyən təzyiqlər və yönləndirmələr gəlir, bu isə qərarvermə prosesini ləngidir. Ermənistan hələ də sülh müqaviləsini tam şəkildə anlamayıb - bu sənəd təkcə müharibənin başa çatması demək deyil, həm də gələcək əməkdaşlıq, kommunikasiyaların açılması, qarşılıqlı etimadın bərpası deməkdir. Azərbaycan dəfələrlə bəyan edib ki, sülhün əsası beynəlxalq hüquq və qarşılıqlı suverenliyə hörmət prinsipləri üzərində qurulmalıdır. Hazırkı vəziyyətdə Azərbaycan tərəfi sülh prosesinə tam hazırdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, regionda dayanıqlı sülhün yeganə yolu qarşılıqlı tanınmadan keçir. Ermənistan isə bu prosesi uzatmaqla, əslində, öz inkişaf imkanlarını itirir, iqtisadi və geosiyasi baxımdan təcrid vəziyyətini dərinləşdirir.

Reallıq ondan ibarətdir ki, Ermənistan nə qədər gec imza atsa da, sülh qaçılmazdır. Çünki yeni regional reallıq artıq formalaşıb və bu reallıqda güclü, suveren Azərbaycan var. Ermənistanın sülh sazişinə imza atması sadəcə zaman məsələsidir - lakin bu zaman nə qədər uzanarsa, Ermənistanın itkiləri bir o qədər çox olacaq".