“Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda Beynəlxalq Elmi Konfrans mövzusunda Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.
Konfransın rəsmi açılış hissəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Milli Məclisin Səhiyyə Səhiyyə Komitəsinin sədri, Akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, s.e.d., professor Hicran Hüseynova, TƏBİB-in İcraçı direktor müavini Anar İsrafilov, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasova və digər rəsmi qonaqlar çıxış edərək ölkəmizdə meyitdən orqan nəqlinin həyata keçirilməsinin milli səhiyyə tarixində mühüm mərhələ olduğunu, bu təşəbbüsün elmi və humanitar baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Bu uğurun Azərbaycan həkimlərinin yüksək peşəkarlığının, dövlətin diqqət və qayğısı sayəsində həyata keçdiyini, bu sahədə atılan addımların ölkəmizdə transplantologiyanın inkişafına böyük töhfə verəcəyini qeyd ediblər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxışında bildirib ki, ölkəmizdə hər il yüzlərlə insan orqan transplantasiyasına ehtiyac duyur və bu sahədə meyit donorlardan orqan köçürülməsi yüzlərlə həyatın xilasına imkan yaradır. Meyit donor sisteminin inkişafı orqan çatışmazlığı probleminin həllinə, eləcə də milli səhiyyə sisteminin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olacaq. Ceyhun Məmmədov vurğulayıb ki, 2025-ci ilin fevral ayında Azərbaycanda və bütövlükdə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında transplantoloq Mircəlal Kazımi və onun peşəkar komandası tərəfindən meyit donordan qaraciyər transplantasiyası uğurla icra edilib, elə həmin ilin davamında isə meyit donordan böyrək köçürülməsi əməliyyatı da müvəffəqiyyətlə həyata keçirilib. Bu nailiyyətlər Azərbaycan tibb tarixində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizdə orqan transplantasiyasının inkişafı üçün yeni perspektivlər açıb.
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva “Mən niyə donor olmalıyam?” mövzusunda çıxış edib. Sonra konfrans öz işini 3 paneldə davam etdirib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin Sədr müavini, tibb elmləri doktoru, kardiocərrah Dr.Rəşad Mahmudov və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasovanın moderatorluğu ilə “Meyitdən orqan transplantasiyası: Canlı donorlu orqan transplantasiyası alternativdirmi?” mövzusunda keçirilən I paneldə Səhiyyə Nazirliyinin Orqan donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Dr.Günay Abbasova “Meyit orqan donorluğu işinin təşkilində ölkədə mövcud vəziyyət”, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloq Dr.Mircəlal Kazımi “Meyitdən orqan transplantasiyası: Təcrübəmiz”, Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Dr.Bəxtiyar Musayev “Meyit orqan transplantasiyasında xəstəxanada administrativ işin təşkili” və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin Sədr müavini, tibb elmləri doktoru, kardiocərrah Dr.Rəşad Mahmudovun “Ürək çatışmazlığı olan xəstələrdə qaraciyər transplantasiyası, eyni, yoxsa ayrı-ayrı seanslarda?” mövzularında təqdimatlarla çıxış ediblər.
“Qaraciyər transplantasiyası” mövzusunda keçirilən II panel Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının müdiri, transplantoloq Dr.Nuru Bayramovun və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloq Dr.Mircəlal Kazıminin moderatorluğu ilə keçirilib. Bu paneldə, Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahı Prof. Dr.Abuzər Diricanın “Xroniki qaraciyər xəstəliyinə ümumi yanaşma”, Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahı Prof. Dr.Bülent Ünalın “Qaraciyər və böyrək transplantasiyasl zamanı HBV-li, HCV-li, HİV-li donorların (həm canlı, həm də meyit) istifadəsi: Türkiyə və dünya təcrübəsi”, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Dr.Xəyal Məmmədov “Beyin ölümü keçirmiş donorun əməliyyata hazırlanması və orqanların alınma əməliyyatının aparılması: Anestezioloji və reanimasion yanaşma”, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloq Dr.Kamran Beydullayevin “Qaraciyər transplantasiyasında kimlər donor ola bilər?” və Mərkəzi Gömrük Hospitalının infeksionisti Dr.Mədinə Abdullayevanın “Solid orqan transplantasiya olan xəstələrdə virus hepatitlərin idarə olunması” mövzularında çıxışları dinlənilib.
Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahları Prof. Dr.Abuzər Dirican və Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mmoderatorluğu ilə “Böyrək transplantasiyası” mövzusunda keçirilən III paneldə Leyla Tibb Mərkəzinin uşaq nefroloqu Dr.Zaur Əhmədovun “Uşaqlarda xroniki böyrək çatışmazlığı və böyrək transplantasiya zamanlanması”, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, nefroloq Dr.Mirməsim Məmmədovun “Böyüklərdə xroniki böyrək çatışmazlığı və böyrək transplantasiya zamanlanması” və Mərkəzi Gömrük Hospitalının nefroloqu Dr.Şəbnəm Qədiməliyevanın “Meyitdən böyrək transplantasiyası nefroloqun gözü ilə” mövzularında çıxışları maraqla qarşılanıb.
Panel müzakirələrdən sonra konfrans öz işini yekunlaşdırıb. Müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan 200 nəfərədək həkimin iştirak etdiyi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 7 DTT balı ilə qiymətləndirilib.