"Əhalinin alıcılıq qabiliyyəti iqtisadiyyatın dayanıqlı inkişafı üçün əsas komponentlərdən biridir. Bu qabiliyyətin azalması yalnız istehlak xərclərinin azalması deyil, həm də iqtisadi sistemdə zəncirvari mənfi təsirlərin yaranması deməkdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib: "Əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi, insanların eyni miqdarda pul ilə əvvəlki qədər mal və xidmət istehlak edə bilməməsi anlamına gəlir. Bu, bir çox hallarda baş verə bilər — maaşların azalması və ya dondurulması, işsizliyin və qeyri-rəsmi məşğulluğun artması, inflyasiyanın yüksəlməsi, kredit və borc yükünün, həmçinin vergi dərəcələrinin artması kimi hallarda. ƏDV və gəlir vergisi dərəcələrinin yüksəlməsi, yaxud vergi güzəştlərinin ləğvi nəticəsində əhalinin real gəlirləri azalır, bu isə tədiyyə qabiliyyətli tələbin həcmini aşağı salır. Nəticədə istehlak xərcləri azalır, bazarda alqı-satqı əməliyyatlarının həcmi daralır və iqtisadi sistemdə qarşılıqlı gəlirlərin azalması baş verir.
Vergi güzəştlərinin ləğvi qısa müddətli perspektivdə dövlət büdcəsinə əlavə gəlir gətirsə də, bu artım məhdud istehlak mühitinin yaratdığı dolayı itkiləri tam kompensasiya edə bilmir. Hətta bəzi işəgötürənlər maaşların bir hissəsini rəsmi sənədləşdirmədən ödəməyə meyllənə bilirlər ki, bu da uzunmüddətli dövrdə kölgə iqtisadiyyatının artmasına şərait yaradır. Sosial baxımdan isə aşağı və orta gəlir qruplarının vergi yükünün artması gəlir bərabərsizliyini daha da dərinləşdirir.
Alıcılıq qabiliyyətinin azalması makroiqtisadi risklər yaradır. Tələbin zəifləməsi ümumi iqtisadi fəaliyyətin geriləməsinə səbəb olur, ÜDM-in artım dinamikası zəifləyir. Tələbin azalması firmaların gəlirlərini azaldır, bu da investisiyaların və işçi qüvvəsinə qoyulan sərmayələrin azalmasına gətirib çıxarır. Nəticədə işsizlik artır, gəlirlər daha da aşağı düşür. Firmalar və fiziki şəxslər gəlirlərinin azalması səbəbindən kredit ödənişlərində çətinliklərlə üzləşir, bu da bank sektorunda problemli kreditlərin artmasına və maliyyə sabitliyinə təhlükə yaratmasına səbəb olur.
Tələbin azalması deflyasiya riskini də artırır. İstehlakçılar qiymətlərin daha da enəcəyini gözləyərək xərclərini təxirə sala bilirlər ki, bu da iqtisadi aktivliyi daha da zəiflədir. Qısa müddətli dövrdə bu vəziyyətin qarşısını almaq üçün ünvanlı sosial transferlər və müvəqqəti vergi azadolmaları effektiv ola bilər. Məsələn, aşağı gəlir qrupları üçün ƏDV istisnaları və gəlir vergisindən endirimlər tətbiq edilə bilər. Orta müddətli perspektivdə isə makroiqtisadi koordinasiya – yəni monetar və fiskal siyasət mexanizmlərinin müvafiq icra orqanları tərəfindən birgə şəkildə həyata keçirilməsi vacibdir. Bu yanaşma iqtisadiyyatın yenidən bərpasına və sürətli inkişafına şərait yarada bilər".