Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün Vatikana səfər edəcək. QMİ-nin Mətbuat xidmətindən SİA-ya bildirilib ki, səfər Roma Katolik Kilsəsinin digər dinlərlə əlaqələrinin bünövrəsini formalaşdıran II Vatikan Şurasının əsas sənədi olan “Nostra Aetate”nin 60-cı ildönümü münasibətilə keçiriləcək təntənəli tədbirlərə dəvət əsasında reallaşacaq.
Şeyxülislam A.Paşazadə oktyabrın 28-də Dinlərarası Dialoq Dikasteriyası və Xristian Birliyinin Təşviqi Dikasteriyası ilə birgə “Nostra Aetate” sənədini təqdir etmək, həmçinin sülh, barışıq və dinlərarası dialoqun zəruriliyini bir daha təsdiqləmək məqsədilə nəzərdə tutulmuş silsilə tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində QMİ sədrinin Roma Papası XIV Leo, Vatikan rəsmiləri, müxtəlif dini konfessiyaların tanınmış din xadimləri, o cümlədən müsəlman dünyasının tanınmış dini liderləri ilə görüşləri nəzərdə tutulur.