Narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib - DİN

27 Oktyabr 2025 11:23 (UTC+04:00)

Oktyabrın 25-də və 26-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb. O cümlədən borclu şəxs qismində axtarışda olan 11, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8, dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 8,1 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 qumbara, 8 tüfəng, 19 patron darağı və 3 min 22 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər də saxlanılıb.