Münxendə Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi ilə bağlı referendum keçirilir. SİA yerli mediaya istinadla xəbər verir ki, şəhərdə 1,1 milyon seçici Münxen şəhərinin 2036-cı, 2040-cı və ya 2044-cü ildə keçiriləcək Olimpiya və Paralimpiya Yay oyunlarına ev sahibliyi üçün müraciət etməsinə razı olub-olmamasına səs verir.
Şəhər rəhbərliyi “München Olympija” adlı kampaniya ilə Olimpiya Oyunlarının keçirilməsinin iqtisadi və sosial üstünlüklər qazandıracağını vurğulayır. Onların fikrincə, layihə dövlət dəstəyi ilə şəhər nəqliyyatının genişləndirilməsinə, təxminən 4 min yeni mənzilin tikilməsinə və 1972-ci il Olimpiya obyektlərinin bərpasına şərait yaradacaq.
Bununla yanaşı, ekoloji təşkilatlar, bəzi partiyalar və vətəndaş təşəbbüslərinin birləşdiyi “NOlympia München” ittifaqı layihəyə qarşı çıxır. Onlar ekoloji fəsadlar, torpaqdan həddən artıq istifadə, kirayə və torpaq qiymətlərinin artması, eləcə də milyardlarla avroluq xərclərin şəhər büdcəsinə əlavə yük gətirəcəyini bildirirlər. Müxalifət Beynəlxalq Olimpiya Komitəsinin (IOC) qəbulolunmaz müqavilə şərtlərinə diqqət çəkərək, gəlirlərin IOC-da qalmasına, itkilərin isə ev sahibi ölkəyə yüklənməsinə etiraz edib.
Münxen meri Diter Rayter (SPD) bildirib ki, Olimpiya Oyunlarına ev sahibliyi məsələsində əsas şərt vətəndaşların iradəsidir. Oxşar müzakirələr Berlin, Hamburq və Reyn-Rur regionunda da aparılır. Almaniyanın Olimpiya Komitəsi (DOSB) isə 2026-cı ilin sentyabrına qədər ölkənin hansı şəhərlə Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edəcəyinə dair qərarını açıqlayacaq.